Xocalı soyqırımının 22-ci ildönümü Avstraliyanın müxtəlif şəhərlərində anılıb

Xocalı soyqırımının 22-ci ildönümü Avstraliyanın müxtəlif şəhərlərində anılıb

Xocalı soyqırımının 22-ci ildönümü və bu dəhşətli faciə qurbanlarının xatirəsi hər il olduğu kimi bu il də Avstraliyanın müxtəlif şəhərlərində anılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Azərbaycanın Avstraliyadakı səfirliyinin yaxından dəstəyi ilə fevralın 25-də Kanberra, fevralın 26-da isə Sidney şəhərində geniş məlumatlandırma və etiraz aksiyası təşkil olunub.

Aksiyada soyqırım aktına dair faktları əks etdirən kitablar və broşürlər paylanılıb, şəhər mərkəzində qurulan xüsusi stendlərdə faciənin hansı qəddarlıqla törədilməsi barədə fotoşəkillər təqdim olunub. Bundan başqa, Avstraliyada Xocalı soyqırımının tanınması məqsədi ilə imza toplanılıb.

Tədbirdə Avstraliyada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və Türk icmasının üzvləri, Azərbaycan səfirliyinin əməkdaşları, o cümlədən Azərbaycanın Avstraliyadakı baş konsulu Araz Xasıyev iştirak edib.

Kanberrada təşkil olunan aksiyaya Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov da qatılıb.

Bu tədbirlərlə paralel olaraq Sidney şəhərində fəaliyyət göstərən "Azərbaycanın Səsi" ("Voice of Azerbaijan") radiosu soyqırımı ilə əlaqədar xüsusi proqram hazırlayıb. Radio proqramının rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə çıxan verilişdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı, erməni və rus qoşunları tərəfindən yerli dinc azərbaycanlı əhaliyə qarşı qətliamların törədilməsi, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyəti və digər mövzularda söhbət aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə