Xocalı Finlandiyada da anılıb

Finlandiyanın paytaxtı Helsinkidəki "Caisa" mədəniyyət mərkəzində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı" adlı sərgi təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə sərgidən öncə iştirakçılar soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bundan sonra çıxış edən tədbirin təşkilatçısı Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) sədri Vasif Muradlı qonaqlara Xocalı soyqırımının haqqında ətraflı məlumat verib.

Azərbaycan Qadınları Cəmiyyətinin sədri Arzu Oqtay isə öz çıxışında 22 il əvvəl törədilən Xocalı faciəsinin köklərinin əslində daha dərində olduğunu bildirib, ermənilərin əsrlər boyu türklərə qarşı kin-küdurət hissindən bəhs edib. O, gəncləri 2015-ci ildə qondarma erməni soyqırımının ildönümü ərəfəsində ermənilərin hər cür təxribatına qarşı ayıq-sayıq olmağa çağırıb.

Həmçinin, ermənilərin Xocalıda törətdiyi soyqırım haqqında foto və videomateriallar "Loesje Suomi" təşkilatının rəhbəri Maria Nordlundə göndərilib. Bundan əlavə, FAA 2013-cü ilin fevralında Fransa parlamentində Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın başına gələnləri əks etdirən materialları, 2013-cü ilin iyul ayında Moldova Ombudsmanı Aureliya Qriqoriuya Ermənistan parlamentindəki çıxışına görə bu günə qədər dünya erməniləri tərəfindən təhdidləri sübut edən sənədləri "Loesje Suomi" təşkilatına təqdim edərək fin gənclərinin Ermənistana getməsinin nə qədər təhlükəli olduğunu çatdırmağa çalışıb.

"Azərbaycan və türk tələbələrinə göndərilən dəvət birbaşa onların həyatını təhlükə altında qoymaq deməkdir. Finlandiya Azərbaycanlıları Assosiasiyası olaraq biz gənclərimizi təhlükədən qoruyaraq buna qəti etirazımızı bildiririk. Məhz Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində bu cür təxribat xarakterli dəvətnamələrin tələbələrimizə göndərilməsinə etiraz edir və pisləyirik". Arzu Oqtay Finlandiyada yaşayan və təhsil alan azərbaycanlı və türk gəncləri ayıq-sayıq olmağa çağırıb.

Tədbirdə iştirak edən Türkiyənin Helsinkidəki səfiri Adnan Başağa çıxış edərək türk tarixinin bu acı və kədərli səhifəsini daim diqqətdə saxlanılmasının vacibliyini bildirib.

Finlandiyanın Tampere universitetinin tibb fakültəsinin müəllimi, Doktor Minə Eray isə öz çıxışında erməniləri xərçəng xəstəliyinə bənzədərək, bəzən tibbin də yardım edə bilməyəcəyi xəstələrlə müqayisə edib.

Görüşün daha bir qonağı Osman Akkoyunlu gəncləri daha da aktiv olmağı, tariximizi dərindən mənimsəməyi tövsiyə edib.

Çıxışlardan sonra geniş müzakirələr keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgidə Heydər Əliyev Fondu tərəfindən çap olunan Xocalı faciəsi haqqında kitablar, broşurlar, faciəni əks etdirən fotoşəkillər və sənədli film nümayiş etdirilib.

Sonda Avropa və Finlandiya parlamentlərinə Xocalı soyqırımının tanınması haqda müraciət qəbul olunub. Avropa parlamentlərinə ünvanlanan müraciət eyni zamanda Finlandiyadakı xarici səfirliklərə də göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə