“Excelsior Hotel Baku” otelində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib FOTO

“Excelsior Hotel Baku” otelində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib FOTO

"Excelsior Hotel Baku" otelində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbir soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə "Excelsior Hotel Baku" otelinin insan resursları üzrə meneceri Kamran Rzayev və yazıçı Cəlaləddin Qasımov Xocalı faciəsi ilə bağlı çıxışlar ediblər.

"Excelsior Hotel Baku" otelinin insan resursları üzrə meneceri Kamran Rzayev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazılıb. Həmin gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar. Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıblar.

Yazıçı Cəlaləddin Qasımov çıxışında qeyd edib ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib və fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilib. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasına başlanılıb.

Yazıçı Cəlaləddin Qasımov "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasına çərçivəsində yazdığı "27 ildən sonra" kitabını tədbirdə iştirak edən Sos Uşaq Kəndlərinin yeniyetmələrinə təqdim etdi. "27 ildən sonra" kitabının yazılamsında məqsəd baş verən Xocalı faciəsinin miqyasını və deatallarını göstərmək, gənc nəslə tariximizi dərindən öyrətmək, onları başımıza açılan oyunlardan agah etməkdir.

Tədbirin sonunda gənclərə bu qanlı faciəni unutmamaq, gələcək nəsillərə və bütün dünyaya bəyan etmək məqsədilə Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə