Səbail rayonunda Xocalı faciəsi ilə bağlı güllə atıcılığı üzrə yarış keçirilib

Səbail rayonunda Xocalı faciəsi ilə bağlı güllə atıcılığı üzrə yarış keçirilib

Səbail rayon məktəbləri arasında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı "Mahir nişançı" devizi altında güllə atıcılığı üzrə yarış keçirilib. SİA-nın xəbərinə görə, tədbirin I mərhələsində iştirak edən yarış iştirakçıları və qonaqlar "Şəhidlər Xiyabanı"nı ziyarət edib, vətən torpaqlarının bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın və Xocalıdan olan şəhidlərin məzarlarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Yarışda Səbail rayonunun 16 orta məktəbinin komandası iştirak edib. Tərkibi 5 nəfərdən- 3 oğlan və 2 qızdan ibarət olan komandaların hər biri növbə ilə atıcılıq xəttinə çıxıb və müasir kiçik çaplı pnevmatik snayper tüfənglərin 5 dəfə atəş açıblar.

Yarışların gedişini Səbail rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon Təşkilatının nümayəndələrindən təşkil olunan münsiflər heyəti diqqətlə izləyib, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən ediblər.

Atıcılıq yarışlarının final turniri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib. Finala vəsiqə qazanan 3 məktəbin komandası atəş xəttinə çıxaraq öz məharətldərini göstəriblər.

Səbail rayonunun məktəblərinin komandalarının yarışına yekun vuran münsiflər heyətinin qərarı ilə I yerə 7 saylı orta məktəbin, II yerə 50 saylı orta məktəbin və III yerə isə 163 saylı orta məktəbin komandaları layiq görülüblər.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınnın rektoru, mllət vəkili Ağacan Əbiyev faciənin dəhşətlərindən, bu gün gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin böyük əhəmiyyəti olduğundan danışıb, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirməyin vacibliyini daim ön plana çəkdiyini toplaşanların nəzərinə çatdırıblar.

Çıxış edənlər həmçinin Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, eləcə də işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə olkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini deyiblər.

Yarışda I, II və III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar və qiymətli hədiyyələrə layiq görülüblər.

Qeyd edək ki, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi və ibtidai hərbi hazırlıq səviyyəsinin, vətənin gələcək müdafiəçilərinin sərrast atıcılıq bacarıqlarının artırılması məqsədilə keçirilən yarış Səbail rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi ilə birgə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə