Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK), Milli Depozit Mərkəzinin (MDM) və Bakı Fond Birjasının (BFB) əməkdaşlarının iştirakı ilə Xocalı faciəsinin iyirmi ikinci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra QKDK-nın aparatının rəhbəri Bəxtiyar Əzizov tədbir iştirakçılarına XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımın tək azərbaycanlılara qarşı deyil bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirildiyini bildirib. B.Əzizov kütləvi terror hadisələrini törədən cinayətkarların layiqli cəzalarına çataçaqlarına inandığını qeyd edərək, Azərbaycan xalqının yaddaşlarından Xocalı soyqırımı qurbanlarının xatirəsinin heç vaxt silinməyəcəyini vurğulayıb.
Daha sonra Xocalıda ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətindən və törədilmiş terror faktlarından bəhs edən "Xocalı harayı" sənədli filminin nümayişi olub.
Sonda tədbir iştirakçıları çıxış edərək, ermənilərin tarix boyu Azərbaycan torpaqlarına olan işğalçılıq siyasətinin, müxtəlif zamanlarda xalqımıza qarşı tətbiq etdikləri soyqırımların və məkrli niyyətlərinin məhz Xocalı hadisələri zamanı ifşa olunduğunu qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB