Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir FOTO

ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümü qeyd edildi
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 26 fevral Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, anım mərasimimdə çıxış edən "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov tarixən Azərbaycan xalqının başına gətirilən bəlalardan danışıb.

O, Xocalı soyqırımının mahiyyəti barədə məlumat verdi: "Bu gün Xocalı soyqırımını tanıyanların sayının artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə çatdırılır. Xocalı soyqımını tanıyan Pakistan, Kolumbiya, Meksika kimi digər ölkələrdə də ictimaiyyətə çatdırılır ki, 26 fevral 1992-ci ildə yer üzündən silinən bu şəhərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri ahıl olmaqla 613 sakini qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər ermənilər tərəfindən əsir götürülüb, təhqirlərə məruz qalıb. Onların 150 nəfərinin taleyi barədə bu günədək xəbər yoxdur. 24 uşaq hər iki valideynini itirib, 130 körpə isə bir valideynindən məhrum olub. Soyqırımı qurbanlarından 56 nəfəri amansız vəhşiliklə qətlə yetirilib."

F.İsmayılov Xocalı soyqırımının bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu bildirdi: "Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinistləri tərəfındən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqlarının məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Faciənin xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalistləri dəhşətə gətirib. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə-Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər".

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan dövlətinin Xocalı soyqırımının dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində həyata keçirdiyi siyasətdən söz açdı. Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev həyata keçirdiyi xarici səfərlərində, bir çox görüşlərində, çıxışlarında erməni işğalçılığından söz açır, dünya ictimaiyyətinin bu haqsızlığa birmənalı olaraq münasibət bildirməsinin əhəmiyyətini vurğulayır, Azərbaycanın ərazi bütövlüyünün bərpasını ən əsas məsələ kimi ortaya qoyur.

V.Rəhimzadə qeyd etdi ki, bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" çağırışı altında həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində mühüm addımdır: "Artıq uzun illərdir ki, həyata keçirilən düzgün təbliğat sayəsində Xocalı faciəsi Avropanın bir sıra parlamentlərində, ABŞ-ın 30-ya yaxın ştatında soyqırımı kimi qəbul edilib. Bu siyasət uğurla davam etdirilir. Hesab edirəm ki, dövlətimizin bu yöndə apardığı siyasi kursa hər birimiz dəstək olmalıyıq."

Tədbirdə çıxış edən Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi tarixində ən faciəvi hadisələrdən biri məhz Xocalıda baş verən soyqırımı oldu: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Faciə XX əsrin dəhşətli və qəddar hadisələrindən biridir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, bu hadisə vəhşiliyin görünməyən bir təzahürüdür".

Bildirildi ki, dünya ictimaiyyəti artıq xəbərdardır ki, 1992-ci ildə erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalıda görünməmiş dəhşətlər yaşanıb. Keçmiş sovet itifaqının 366-cı alayının, həmin hərbi hissədə toplanan erməni zabitləri və xarici ölkələrdən gətirilmiş muzdlu dəstələrinin iştirakı ilə törədilən qətliam insanlığa, bütünlükdə bəşəriyyətə qarşı cinayət idi. Xarici jurnalistlərin də etiraf etdiyi kimi, hələ də can verməkdə olan yaralılara qarşı amansızlıq, insanların diri-diri tonqala atılaraq yandırılması, körpələrin süngüyə keçirilməsi yalnız ermənilərə məxsus keyfiyyətlər olmaqla dözülməz və inanılmaz vəhşiliklərdən xəbər verirdi.

Tədbirdə çıxış edən "Neftqazelmitədqiqatlayihə" İnstitutunun laboratoriya müdiri Elçin Kazımov, şöbə müdiri Namiq Abbasov, böyük elmi işçi Rita Hüseynova Xocalı faciəsi zamanı baş verən hadisələrdən danışıblar. Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlılarının ərazimizdə apardığı hərbi əməliyyatlar nəticəsində 20 min soydaşımız məhz azərbaycanlı olduğu üçün qətlə yetirilib, bir o qədər həmyerlimiz yaralanıb, 4 mini əsir düşmüş, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi, tarixi abidələr dağıdılıb. XX əsrdə 2 milyondan artıq azərbaycanlı Ermənistanın və onun havadarlarının yeritdikləri soyqırım siyasətinin qurbanı olub. Müstəqillik və torpaqlarımızın bütövlüyü uğrunda mübarizələrdə həyatlarını qurban verən soydaşlarımızın xatirəsi Azərbaycan xalqı üçün hər zaman əziz və unudul qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə