Qulam Marxulia: “Xocalı təkcə Azərbaycanın deyil, gürcü xalqının da faciəsidir”

Qulam Marxulia: “Xocalı təkcə Azərbaycanın deyil, gürcü xalqının da faciəsidir”

Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra muzeyin direktoru Leyla Əliyeva XX əsrin ən dəhşətli soyqırımı barədə ətraflı məlumat verib.

Tədbirdə Xocalı soyqırımından bəhs edən film, fotosərgi nümayiş etdirilmiş, Azərbaycan Respublikası Ombudsmanının Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bəyanatı (Azərbaycan, gürcü və ingilis dillərində) iştirakçılara paylanılıb.

Tibb elmləri doktoru, professor Vladimir Askurava deyib ki, azərbaycanlılar rəhmli, gözəl xalqdır. Bu xalq öz işini gözəl bilir və hamıya mərhəmətlidir. Məhz bu keyfiyyətlərinə görə də Azərbaycan dünyanın ən gözəl nemətlərinə malikdir.

Alim azərbaycanlıların soyqırımına məruz qalmalarından kədərləndiyini bildirib, belə faciələrin bir daha təkrar olunmamasını arzulayıb.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev deyib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin faciəsidir. Əminəm ki, bu hadisəyə hüquqi, siyasi qiymət veriləcək. "Xocalıya ədalət!" Beynəlxalq məlumatlandırma və təbliğat kampaniyasının bütün dünyada, o cümlədən Gürcüstanda geniş vüsət alması bunu deməyə əsas verir. Artıq Gürcüstanda Xocalı soyqırımına həsr olunmuş tədbirlər standart təbliğat çərçivəsindən çıxıb. Belə mərasimlərdə gürcü ictimaiyyəti geniş tərkibdə təmsil olunur, ətraflı məlumatlandırılır. Gürcüstan dövləti Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və Azərbaycana səfəri zamanı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili də bunu bir daha bəyan edib.

Mahir Dərziyev diqqətə çatdırmışdır ki, soyqırımı qurbanlarının ruhları qarşısında borcluyuq və dünya ictimaiyyəti bu faciə barədə tam məlumata malik olmayınca, şəhid qanının qisası alınmayınca, soyqırımının səbəbkarları cəzalandırılmayınca heç bir azərbaycanlının dinc yaşamağa mənəvi haqqı yoxdur!

Tarix elmləri doktoru, professor Quram Marxulia Xocalı faciəsinin təkcə Azərbaycan xalqının deyil, həm də gürcü xalqının faciəsi olduğunu qeyd edib. Professor ermənilərin Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq iddialarından və bu iyrənc niyyətlərinə çatmaq məqsədilə uzun illər ərzində Azərbaycan xalqına qarşı soyqırımı aktları törətmələrindən ətraflı söhbət açıb. O deyib ki, ermənilər Azərbaycan ilə yanaşı, Türkiyə və Gürcüstana qarşı da ərazi iddialarından əl çəkmirlər. Xocalı ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk soyqırımı deyildir. Belə faciələr dəfələrlə baş verib.

Qulam Marxulia bu vəhşiliklərin təkrar olunmaması üçün bütün səyləri birləşdirməyin vacibliyini vurğulayıb. O, Xocalı soyqırımını törədənlərin hazırda Ermənistan dövlətinə başçılıq etdiklərindən təəssüfləndiyini bildirib, bu vəhşiliyə dünya ictimaiyyəti sussa belə, tarixin susmayacağını bildirib.

Gürcüstan parlamentinin deputatı, akademik Demur Başaleişvili Xocalı soyqırımının hamının kədəri olduğunu vurğulayıb, şərəfli tarixi keçmişi olan Azərbaycan xalqının bu sınaqdan da uğurla çıxacağına, haqq-ədalətin qalib gələcəyinə və gürcü xalqının da bu sevincə şərik olacağına əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə