“Ultima ora”: “Xocalı soyqırımı – XX əsrin ən dəhşətli faciəsi”

“Ultima ora”: “Xocalı soyqırımı – XX əsrin ən dəhşətli faciəsi”

AzərTAc-ın Rumıniyadakı xüsusi müxbiri İqbal Hacıyevin bu ölkənin nüfuzlu "Ultima ora" ("Son saat") qəzetinin 25 fevral tarixli nömrəsində "Xocalı soyqırımı – XX əsrin ən dəhşətli faciəsi" sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu göstərilib, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələrindən bəhs edilib, bu qətliamın insanlığa sığmayan hərəkət olduğu qeyd edilib. Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşən Xocalıya ermənilərin göstərdiyi marağın şəhərin mühüm strateji mövqeyə malik olmasından irəli gəldiyi oxucuların diqqətinə çatdırılıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədiblər. Erməni silahlı qüvvələrinin sovet ordusunun 366-cı motoatıcı alayının silahlı texnikasının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Müəllif Xocalı soyqırımının əsl mahiyyətinin açıqlanmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini bildirib. Məqalədə vurğulanıb ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə