Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda "Xocalı Soyqırımı"nın 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, baş vermiş faciənin mahiyyəti və acı nəticələri haqqında mərasim iştirakçılarına məlumat verilib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə Xocalı Soyqırımının əvvəlcədən düşünülmüş şəkildə, azərbaycanlıların milli-etnik əlamətlərinə görə kütləvi sürətdə məhv edilməsi məqsədi ilə həyata keçirildiyini, Xocalı Soyqırımının təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyət əleyhinə cinayət olduğunu deyib. O, tarix boyu erməni ekstremist qüvvələrinin "Böyük Ermənistan" yaratmaq planı ilə Azərbaycan, İran və Türkiyə ərazilərində yerli əhaliyə qarşı bir çox qırğınlar törətdiyini, Azərbaycanın qədim tarixi torpaqlarında təsis edilmiş Ermənistan dövlətinin daim Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürdüyünü bildirib.
Əli Əlizadə ermənilərin dünya ictimaiyyətinin diqqətini yayındırmaq, özlərinin törətdiyi cinayətləri ört-basdır etmək üçün "erməni soyqırımı" və digər yalan iddialarla çıxış etdiyini, Xocalı Soyqırımını törədənlərin cəzalandırılmasının bu cür cinayətlərin təkrar həyata keçirilməsinin qarşısının alınmasında vacib rol oynayacağını, faciədən 22 il ötməsinə baxmayaraq əksər dünya dövlətlərinin məsələyə hələ də ikili standartlarla yanaşdığını qeyd edib, bu faciənin dünya dövlətləri, xüsusilə müsəlman ölkələrində anılmasının, gələcək nəsillərə aşılanmasının əhəmiyyətini vurğulamışdır. Baş konsul ilk olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən soyqırım kimi öz siyasi-hüquqi qiymətini alan Xocalı qətliamının hazırda Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan Höküməti, xalqı və qeyri-hökumət təşkilatları tərəfindən aparılan işlər nəticəsində bu soyqırımına siyasi-hüquqi qiymət verən dövlətlərin və beynəlxalq təşkilatların sayının ilbəil artdığını, soyqırımın beynəlxalq səviyyədə tam siyasi-hüquqi qiymət alması üçün dünya dövlətləri, xüsusilə müsəlman ölkələri tərəfindən dəstək verilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Mərasimdə iştirak edən Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müşaviri Seyid Yusif Bəşiri də çıxış edərək Xocalıda baş verənlərin bir insanlıq faciəsi olduğunu bildirib, islam dininə görə hətta bir günahsız insanın qətlə yetirilməsinin bəşəriyyətin məhvinin günahına bərabər tutulduğunu qeyd etmiş, islami dəyərlərə görə Xocalı, Vyetnam, Fələstin və başqa ərazilərdə baş vermiş nəinki kütləvi qırğın, hətta tək bir insanın öldürülməsinin də cinayət olduğunu vurğulayıb. O, İranın da minlərlə şəhidinin olduğunu qeyd edərək İran xalqının dünyada törədilən qırğınların, o cümlədən Xocalı qətliamının acısını dərindən hiss etdiyini diqqətə çatdırıb.
Mərasimdə, İranda fəaliyyət göstərən azərbaycanlı iş adamı, Qarabağ müharibəsi veteranı Vahid Şərafətdinov da çıxış edib. O, Qarabağ müharibəsində özünün şahidi olduğu hadisələrdən danışıb, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərə nümunə olaraq Zori Balayanın "Ruhumuzun canlanması" əsərində müəllif tərəfindən azərbaycanlı körpə uşağın vəhşicəsinə öldürülməsi epizodunu nümunə çəkib. Xocalı qırğınının müharibənin təsadüfi nəticəsi yox, məqsədli şəkildə törədilmiş soyqırım olduğunu, lakin əksər dünya dövlətlərinin Xocalı soyqırımına ikili siyasətlə yanaşdığını bildirib.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilib və soyqırım qurbanlarının xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair jurnal və bukletlər, fars dilinə tərcümə edilib, digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən Xocalı soyqırımına aid şəkillərdən hazırlanıb foto-stendə və foto-sərgiyə baxmış, həmçinin sərgilənən kitab, jurnal və bukletlərlə tanış olublar.
Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müşaviri və vilayətin digər rəsmiləri, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki baş konsulu və Baş Konsulluğunun əməkdaşları, həmçinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB