Səbail rayonunda Xocalı faciəsinin 22-ci ildönümü anılıb

Səbail rayonunda Xocalı faciəsinin 22-ci ildönümü anılıb

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi, Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir, rayonun mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər, rayonun orta məktəb şagirdləri arasında güllə atıcılığı üzrə yarış təşkil olunub.

SİA-nın xəbərinə görə, tədbirlər çərçivəsində bu gün rayonun orta və ali məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunub, rayonun ali məktəblərində anım tədbirləri keçirilib, Dövlət Gənc Tamaşaçılar Teatrında və Badamdar Mədəniyyət evində faciəyə həsr olunan tamaşalara ictimai baxış təşkil olunub.

Faciənin ildönümü ərəfəsində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin "Şəhidlər Xiyabanı"ndakı qərargahında Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış 26 ailənin nümayəndələri ilə görüş keçirilib.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verərək bildirib ki, bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olub: "Məhz onun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıb. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir. Bu gün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sayrılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib".

İcra başçısı həmçinin qeyd edib ki, fevral ayının 26-da rayonun sənaye, təhsil, səhiyyə müəssisələrin kollektivlərinin "Ana harayı" abidəsinin ziyarəti təşkil ediləcək. Həmin gün rayondakı məscidlərində Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, "Bibiheybət" və İçəri şəhər "Cümə" məscidlərində ehsanlar veriləcək.

Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və başqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşan Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları göstərilib. Eyni zamanda, RİH Başçısı tərəfindən vətəndaşların qəbulu keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə