Ombudsman Aparatında Xocalı soyqırımının 22-ci ildönümü qeyd olunub
Bu gün Ombudsman Aparatında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova, Moldova ombudsmanı Aureliya Qriqori və Xocalı faciəsinin şahidləri iştirak edib.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş verən faciə barədə məlumat verən Elmira Süleymanova deyib ki, bu soyqırımı hər bir azərbaycanlının xocalılıların qanı ilə yazılan tarixidir. Onun sözlərinə görə, Xocalı soyqırımı XX əsrin ən böyük və ən dəhşətli faciəsidir: "Xocalı hadisələrində bütün insan hüquqları unudulub, bəşəriyyətdə görülməmiş vəhşilik və vandalizm aktı törədilib. Bu soyqırımı öncədən planlaşdırılmış şəkildə, yalnız türk milli etnik tərkibli insanlara qarşı həyata keçirilib. Artıq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı tanınıb. Bu faciəyə ən yüksək qiyməti isə Ümummilli Lider Heydər Əliyev verib. Lakin çox təəssüf ki, hələ də dünyada öz hüquqi qiymətini almayıb".
İnsan hüquqları üzrə müvəkkil onu da qeyd edib ki, ötən 22 il ərzində Xocalı soyqırımını törədən ermənilər faciə qurbanlarının şəklini çəkərək internet vasitəsilə yayıb və onları erməni adı ilə dünyaya çatdırmaqla insan hüquqlarının pozulması istiqamətində ən ön planda olublar: "Çox təəssüflər ki, faciənin baş verdiyi ilk illərdə Ermənistanın məkrli siyasəti Azərbaycanın Xocalı soyqırımı istiqamətində apardığı təbliğat kompaniyasını üstələdi. Lakin ölkəmizin apardığı siyasət və həqiqəti dərk edə bilən bir sıra dövlətlər Xocalı faciəsinin, məhz ermənilər tərəfindən azərbaycanlılara qarşı törədildiyini bütün dünyaya car çəkirlər".
Tədbirdə çıxış edən Aureliya Qriqori isə bildirib ki, xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər antivləşdirilməlidir: "Biz bu istiqamətində fəaliyyətimizi artırmalıyıq. Çünki haqq-ədalət Azərbaycanın tərəfindədir".
Soyqırımı şahidlərinin sözlərinə görə, bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub, 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB