Qəşəm Nəcəfzadə: “Reklamların dili baxımından şəhərimiz ağır vəziyyətdədir”

Qəşəm Nəcəfzadə: “Reklamların dili baxımından şəhərimiz ağır vəziyyətdədir”

"Hər hansı bir ölkənin paytaxtı millətin dilinin əlifbasıdır. Dili şəhərdə öyrənirlər. Biz Azərbaycan dilinin dərinliklərindən, incəliklərindən, imkanlarından, zənginliyindən danışırıq, amma çox təəssüf ki, şəhərimizin divarlarında, zahiri görkəmində bunun tam əksi ilə rastlaşırıq". Bu fikirləri SİA-ya açıqlamasında AYB-nin üzvü, tanınmış şair Qəşəm Nəcəfzadə bildirib.

Şəhərimizdə əcnəbi dildə olan reklamların çoxluğunun, xarici dillərdə, xüsusilə, ingilis dilində olan obyekt adlarının, divar reklamlarının olduqca acınacaqlı bir vəziyyət yaratdığını deyən Q.Nəcəfzadə bildirib ki, dili kitablardan daha çox şəhərin divarlarından öyrənmək olur: "Fəvvarələr meydanından tutmuş o biri küçələrə qədər Bakı şəhəri başdan-ayağa qədər ingilisləşib, şəhərimiz yad dildə olan reklamların hesabına ingilis şəhərinə dönüb. Yad bir xalqın nümayəndəsi bura gəlsə, o nədən bilə bilər ki, bura türk xalqının məmləkətidir. Bütün mehmanxanaların, marketlərin, restoranların adları ingilis dilindədir".
Q.Nəcəfzadə restoran adlarının əcnəbi dildə olmasına da münasibət bildirib: "Ola bilməzdimi ki, o restoranlardan birinin adı "Məlikməmməd" olsun, ya da başqa bir gözəl ad. Ümumiyyətlə, bu məsələ ilə məşğul olan yoxdur, buna nəzarət edən yoxdur. Ona görə də şəhərimiz reklamların dili baxımından çox ağır vəziyyətdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə