Seymur Orucov: “YAP GB Xocalı ilə bağlı işləri təkcə ildönümü ərəfəsində deyil, bütün il boyu həyata keçirir” AÇIQLAMA

Seymur Orucov: “YAP GB Xocalı ilə bağlı işləri təkcə ildönümü ərəfəsində deyil, bütün il boyu həyata keçirir” AÇIQLAMA

"Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər il olduğu kimi, bu il də Xocalı ilə bağlı silsilə tədbirlər həyata keçirməkdədir". Bu sözləri SİA-ya YAP GB-nin sədri Seymur Orucov təşkilatın Xocalı faciəsi ilə bağlı gördüyü işlərdən danışarkən deyib.

Onun sözlərinə görə, YAP GB elektron aksiyalara fevral ayının əvvəlindən start verib: "Biz bu ayın əvvəlindən artıq bir çox beynəlxalq diplomatik korpuslara, təşkilatlara, əməkdaşlıq etdiyimiz iqtidar partiyalarının gənclər təşkilatlarına, oradan seçilən millət vəkillərinə Xocalı ilə bağlı elektron aksiyalara başlamışıq. Artıq bizim rayon təşkilatlarımız da bu işə qoşulub. Bir çox rayon təşkilatında gənclər Xocalı faciəsi ilə bağlı anım tədbirləri keçiriblər".

S. Orucov vurğulayıb ki, təşkilat Xocalı soyqırımının təbliği ilə bağlı işləri təkcə faciənin ildönümü ərəfəsində deyil, bütün il boyu həyata keçirir: "Xocalı faciəsi təkcə 25 - 26 fevralla bitmir. YAP GB tərəfindən bütün il boyu həyata keçirilən tədbirlərdə Xocalı faciəsinə xüsusi yer ayrılır. Etdiyimiz səfərlərdə, həmçinin ölkəmizə səfər edən qonaqlarla görüş zamanı Xocalı ilə bağlı məlumatlar verir, xalqımızın başına gətirilən bəlaları onların diqqətini çatdırırıq. Bu işlər bundan sonra da davam etdiriləcək".

Faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində "Xocalıya Ədalət" kampaniyasını xüsusi vurğulayan YAP GB sədri qeyd edib ki,

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanan "Xocalıya Ədalət" kampaniyası öz müsbət nəticələrini verməkdədir: "Görülən işlərin nəticəsidir ki, bir çox ölkələrin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımağa başlayıb. Bu, cinayətlərin açılması üçün müsbət göstərici və nəticələrdir. Bilirsiniz ki, "Xocalıya Ədalət" kampaniyasının 5 illiyi tamam oldu. Hesabatlara baxdığımız zaman görərik ki, bu kampaniya bir çox uğurlara imza atıb".

Bütün xəbərlər Facebook səhifəmizdə