Berlində Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib

Berlində Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Almaniyadakı Türk-Azərbaycan Birliyi (TAVD), Berlin-Brandenburg Atatürkçü Düşüncə Dərnəyinin (ADD) təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlində Xocalı Soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova Xocalı soyqırımının Almaniya ictimaiyyətində tanıdılmasına dair keçirilən tədbir və aksiyalar haqqında məlumat verib, bu günlərdə Almaniyada Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr edilən 30-a qədər tədbirin keçirildiyini bildirib.

O, vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət !" beynəlxalq kampaniyasının ictimaiyyətə yönəldilmiş çağırışı Almaniyada da fəal həyata keçirilir.

Mühüm tədbirlərin Türk Evində Türk icması ilə birgə keçirilməsinin artıq ənənə halını aldığını söyləyən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışında Türk və Azərbaycan diasporlarının Almaniyada sıx əməkdaşlığından bəhs edib. Səfir bildirib ki, son illərdə Almaniyada Azərbaycana olan münasibət dəyişib və Qarabağ problemi ilə bağlı bir sıra qətnamələr qəbul edilib.

Türkiyə Cümhuriyyətinin Berlindəki Baş konsulu Ahmet Başar Şen Xocalı soyqırımının baş verməsinin Türk və Azərbaycan xalqı üçün acı bir örnək olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı edilən haqsızlıq Türk xalqını da kədərləndirir, bu səbəbdən Türkiyə acı və üzüntüləri Azərbaycanla paylaşır.

ADD-nin sədri Olcay Başeğmez artıq 4 ildən bəri Azərbaycan Diasporu ilə sıx əməkdaşlığın olduğunu və birgə anım tədbirlərinin keçirildiyini qeyd edib, 2015-ci ildə "qondarma erməni soyqırımının ildönümündə" gözlənilən təxribatlar haqqında danışıb.

Milli Məclisin üzvü Azay Quliyev, tarix elmləri doktoru Qasım Hacıyev, yazıçı- jurnalist Səriyyə Cəfərova Türk-Azərbaycan qardaşlığından danışıb, Qarabağ münaqişəsinin həllinə apara biləcək tezislərlə çıxış edib, mülahizələrini söyləyiblər.

Anım mərasimində Heydər Əliyev Fondunun hazırladığı, Qarabağın tarixinə və Qarabağ müharibəsinə həsr olunan "Xocalı Qətliamı" adlı tarixi- sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə