“Tarixinə sahib ol!”

Gənclər Fondunun dəstəyi ilə "Tarixinə sahib ol!" adlı layihənin icrasına başlanılıb. B Layihənin rəhbəri Nuriyyə Hüseynovanın SİA-ya verdiyi məlumata görə layihənin məqsədi dövlətçilik tariximizi, bu tarixi özündə yaşadan Müasir Azərbaycan dövlətçiliyini gənclərimizə daha dərindən öyrətmək və dövlətçiliyimizi qorumağın vacibliyini əsaslandırmaqdan ibarətdir.

Onun sözlərinə görə, bu layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə istiqamətlənib: "Layihə orta məktəblərin 9- 11-ci sinif şagirdlərinə Azərbaycanın dövlətçilik tarixi ilə bağlı sinifdənkənar bilgilər verməkdən ibarətdir. Azərbaycan tarixinin akademik səviyyədə araşdırılmasında ortaya çıxan bir çox mühüm faktlar, xüsusən bir çox şəxsiyyətlərin önəmli addımları vardır ki, onların indiki gəncliyə məhz orta məktəbdən öyrədilməsi çox vacibdir. Bu tarix gənclərimizin milli ruhda formalaşmasında, vətənə sədaqət ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Layihənin həyata keçirilməsi yüzlərlə gəncimizin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı yeni biliklər qazanmasına səbəb olacaq. Tariximizdən gətirilən şəxsi nümunələr, gənclərin muzeylərə səfərləri onların milli vətənpərvər ruhda tərbiyə olunmasına səbəb olacaqdır. Bundan əlavə layihədə Azərbaycan tarixinin akademik səviyyədə araşdırmaçıları ilə orta məktəblərin birgə işbirliyinə nail olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə