“Xocalı qan yaddaşımız” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Xocalı qan yaddaşımız” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3 №li tam orta məktəbdə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 26 Fevral-Xocalı Soyqırımının iyirmi ikinci ildönümünə həsr olunan "Xocalı qan yaddaşımız" mövzusunda inşa yazı müsabiqəsi keçirilib. SİA-nın məluçatına görə, müsabiqənin keçirilməsində məqsəd 26 fevral-Xocalı Soyqırımı gününün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə hörmət ruhunda tərbiyə olunması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması və istedadlı şagirdlərin inşa yazı sahəsindəqabiliyyətlərinin inkişaf etdirmələri üçün əlverişli şəraitin yaradılmasıdır.

Tədbirdə məktəbin direktoru texniki elmlər namizədi Nizami Novruzov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Elvin Orucov və Ülviyyə Usubova iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru N.Novruzov bildirib ki, Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımımüasir Azərbaycan tarixinin ən qanlı səhifəsini təşkil edir. Bu faciənin məktəblilər arasında qeyd edilməsi onlarda tarixi yaddaşın möhkəmləndirilməsi nöqteyi nəzərindən böyük rol oynayır.

Sonra çıxış edən rayon Gənclər və İdman İdarəsinin əməkdaşı E.Orucov qeyd edib ki, əslində, Xocalı faciəsi təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş bir soyqırımdır. Dövlətimiz tərəfindən Xocalı soyqırımını dünyaya tanıtmaq istiqamətində əhəmiyyətli addımların atıldığını qeyd edən İdarə əməkdaşı daha sonra müsabiqənin keçirilmə şərtləri ilə iştirakçıları tanış etdi və onlara uğurlar arzulayıb.

Müsabiqədə ümumilikdə 64 nəfər şagird iştirak edib. 13:00-da başlanan müsabiqə 1,5 saat davam edib. Müsabiqənin nəticələrinə görə 283 № li tam orta məktəbin şagirdi Şamilli Əfsanə Vahid qızı I yerə, 313 № li tam orta məktəbin şagirdi Hacıyeva Ləman Mürvət qızı II yerə, 3 № li tam orta məktəbin şagirdi Hüseynli Nurtən Nəsib qızı isə III yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə