AMEA Rəyasət Heyətinin iclası keçirilib FOTO

"Qafqaz arxeologiyasında ilk dəfə yeni texnoloji vasitələrlə qeydiyyata alınan abidələrin elektron xə­ri­tə­si yaradılıb"
AMEA Rəyasət Heyətinin iclası keçirilib FOTO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb.

İclasın gündəliyindəki ilk məsələ ilə əlaqədar olaraq, AMEA-nın müxbir üzvü Kamal Abdulla rəhbəri olduğu Humanitar və İctimai Elmlər Bölməsinin 2013-cü ildəki elmi, elmi-təşkilati fəaliyyəti haqqında hesabatla çıxış edərək bildirib ki, dəqiq, sosial və humanitar elmlər ara­sın­da əlaqələrin yaradılması istiqamətində işlər aparılıb, yeyinti məhsullarının təh­lükə­siz­li­yi, qeyri-neft sənayesi, region­ların tarazlı inkişafı, erməni terrorizmi və digər məsələlər tədqiq edilib: "Ümumilikdə Qafqaz arxeologiyasında ilk dəfə yeni texnoloji vasitələrlə qeydiyyata alınan abidələrin elektron xə­ri­tə­si yaradılıb".

Sonra AMEA-nın Naxçıvan Bölməsinin ötən ilki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Bölmə sədri, akademik İsmayıl Hacıyev bildirib ki, institut və elmi müəssisələrdə Naxçıvanın tarixi, mədəniyyəti və təbii sərvətlərinin əhatəli şəkildə tədqiqi davam etdirilmişdir. Bölmənin Elektron Kitabxanasının istifadəyə verildiyi də vurğulanıb.

Müzakirəyə çıxarılan növbəti məsələlər Şəki və Lənkəran Regional Elmi mərkəzlərinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Bildirilib ki, regional qurumlar tərəfindən ölkə ərazisində yetişdirilən mədəni və yabanı dərman bitkilərinə dəyən ziyanın azaldılması, genefond bağının zənginləşdirilməsi və qorunaraq gələcək nəslə çatdırılması istiqamətində araşdırmalar davam etdirilir.

İclasda sözügedən qurumların hesabatı bəyənilib, elmi araşdırmaların genişləndirilməsi, inkişafı və müxtəlif istiqamətlərdə tədqiqatların aparılması ilə əlaqəli tövsiyələr verilib.

İclasın sonunda Zülfüqar Fərzəliyev "Elm" qəzeti, "Elm və həyat" jurnalının baş redaktoru vəzifəsinə təyin olunub. Rəyasət Heyətinin Mərkəzi Aparatının Hüquqi təminat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov isə AMEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə