Bakı və Sumqayıtda “ASAN xidmət"ə müraciət üçün qeydiyyat məhdudiyyəti aradan qaldırılır
"Mart ayında Bakının Sabunçu rayonunda növbəti "ASAN xidmət" mərkəzinin açılacağı nəzərdə tutulub. Bu, Bakı üzrə sayca 4-cü, respuublika üzrə isə 6-cı "ASAN xidmət" mərkəzi olacaq. Yeni mərkəzin açılışı ilə Bakı və Sumqayıt şəhərlərinin əhalisinə "ASAN xidmət" mərkəzlərinə müraciət üçün qeydiyyat məhdudiyyəti tamamilə aradan qaldırılacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
Agentliyin sədri qeyd edib ki, Bakıda sayca 4-cü olacaq bu mərkəzin açılmasından sonra "ASAN xidmət" Sabunçu, Xəzər və Pirallahı rayonları da daxil olmaqla, paytaxtın bütün ərazisini və Sumqayıt şəhərini tam əhatə etmiş olacaq: "Bu isə o deməkdir ki, bu mərkəz istifadəyə verildikdən sonra artıq Bakı və Sumqayıt şəhərlərinin əhalisi üçün "ASAN xidmət" mərkəzlərində müraciət üçün qeydiyyat məhdudiyyəti tam aradan qaldırılacaq. Yəni bu iki şəhərin əhalisi harada qeydiyyatda olmasından asılı olmayaraq, bu şəhərlərdə hazırda fəaliyyət göstərən 5 "ASAN xidmət" mərkəzlərindən istənilən birinə müraciət edərək xidmətlərdən faydalana biləcəklər".
İ. Kərimov həmçinin kollektivdə çalışan könüllülər barədə də danışıb. O qeyd edib ki, "ASAN Xidmət" mərkəzləri və dövlət agentliyi yeni yaradılıb və burada çalışanlar əsasən gənclərdir: "Bu gün kollektivin orta yaş həddi 28-dir. "ASAN Xidmət" mərkəzlərinin fəaliyyətinə könüllülər də cəlb olunub. Hazırda 1200-ə yaxın mərkəzlərinə cəlb olunub və onlardan 350-ə yaxın könüllü "ASAN Xidmət" mərkəzlərində çalışır".
Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində 10 dövlət qurumu tərəfindən Azərbaycan və xarici ölkə vətəndaşlarına 25 istiqamət üzrə 150-yə yaxın xidmət göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB