"92-ci ilin qarı" Xocalı soyqırımı

"92-ci ilin qarı" Xocalı soyqırımı

Bu gün Bakı şəhər İcra Hakimiyyətində 26 fevral Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunan "92-ci ilin qarı" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Bakı şəhər İcra Hakimiyyətinin, yerli icra hakimiyyətlərinin və səfirliklərin nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatları iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri açıq elan edən Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman bildirib ki, icra başçısının göstərişi ilə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata keçirilir: "1988-ci ildən başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən faciəli hadisələrdən biri məhz Xocalıda baş verib. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar hadisələrdəm biri hesab edilə bilər. Ulu Öndər Heydər Əliyevin dediyimi kimi, bu hadisə vəhşiliyin görünməyən bir təzahürüdür. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir".

Daha sonra çıxış edən Bakı şəhər İH-nkn xarici əlaqələr və investisiya proqramları departamentinin sektor müdiri Vahid İsmayılov Xocalı soyqırımının bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu deyib: "Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı faciəsini törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd isə Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəni qırmaq idi".

O həmçinin bildirib ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bəyan edirlər: "Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə-Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verilməlidir".

Millət vəkili Fəzail Ağamalı isə çıxışı zamanı qeyd edib ki, 22 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu: "613 nəfər soydaşımız, o cümlədən, 106 qadın , 63 uşaq, 70 qoca, xüsusi qəddarlıqla qətlə yetirildi. Onların meyidləri üzərində təhqiredici hərəkətlərə yol verildi, 8 ailənin həyatına son qoyuldu, 25 uşaq hər iki valideyinindən, 130 uşaq iki valideyinindən birindən məhrum oldu, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov düşdü. Bütün baş verən vəhşilikləri nəinki Azərbaycan xalqı, eləcə də dünya ictimaiyyəti heç vaxt unutmamalıdır. Günahkarlar gec-tez öz layiqli cəzasını alacaqlar".

Çıxışlardan sonra Bakı şəhər Kino Xidməti İdarəsində hazırlanan "92-ci ilin qarı" filmi nümayiş olunub. Filmin qəhrəmanları qanlı gecənin şahidləridir. Həmin qəhrəmanların bəziləri 7, 9, 12 gün meşədə gizlənənlərdir. Film Goranboyda və rayonun Ağcakənd kəndində çəkilib. Filmin ssenari müəllifi və rejissoru Gültəkin Nərimandır.

Bütün xəbərlər Facebook səhifəmizdə