Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsi ərazisində "Təmiz Şəhər" ASC tərəfindən reallaşdırılmaqda olan "Təmiz Qala" layihəsi çərçivəsində həyata keçirilən "Təmiz Şəhərim" fotoşəkil müsabiqəsinin yekunları üzrə foto sərginin rəsmi açılış mərasimi keçirilib. SİA-ya verilən məlumata görə, fotomüsabiqənin keçirilməsində əsas məqsəd "yaşıl düşüncə" prinsipini təbliğ etmək, tarixən qədim, lakin müasir şəhərimizin gözəlliyinə və onun qorunub saxlanılmasına gənclərin diqqətini yönəltməkdir.
"Qız Qalası" qalereyasında keçirilən tədbiri giriş sözü ilə açan "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dövlət tərəfindən ekologiya və ətraf mühit sahəsinə ayrılan diqqətin rolunu xüsusi ilə qeyd edərək həmçinin Heydər Əliyev Fondu tərəfindən bu sahənin daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb. Zakir İbrahimov öz çıxışında Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ildən həyata keçirilməkdə olan "Təmiz Qala" tullantıların idarəedilməsi üzrə layihənin əhəmiyyətindən danışıb, layihə çərçivəsində baş tutan maarifləndirmə tədbirləri haqda məlumat verib, "Təmiz Şəhərim" sərgi-müsabiqəsinin də bu silsilə tədbirlərin davamı olduğunu söyləyib.
Sonda İdarə Heyətinin sədri qədim tarixə, zəngin sərvətlərə malik olan və eyni zamanda çox gözəl müasir şəhər olan paytaxtımız Bakıda ekoloji tarazlığın qorunmasının vacib olduğunu qeyd edərək tədbirin ətraf mühitin mühafizəsi və insanların şəhərimizin təmiz saxlanılmasına daha böyük qayğı ilə yanaşmağa bir təkan olacağını ümid etdiyini söyləyib.
Sərgidə paytaxt Bakının gözəl guşələrini tərənnüm edən fotolar ilə yanaşı, insanlar tərəfindən tullantılarla çirklənmiş məkanları əks etdirən şəkillər də nümayiş etdirilir. Sərginin məqsədi əhalini və şəhərimizin qonaqlarını bu gözəlliyi birgə qorumağa səsləməkdir.
Sərgi 21, 22 və 23 fevral 2014-cü il tarixlərində fəaliyyət göstərəcək.
Qeyd edək ki, ötən ilin 20 noyabr – 10 dekabr tarixlərində keçirilmiş foto müsabiqəyə tullantıların təkrar emalı, yenidən istifadə və ümumiyyətlə ekoloji mədəniyyətin inkişaf etdirilməsi kimi mövzuları əhatə edən 300-dən çox foto təqdim edilib. Bu fotoşəkillər arasında münsiflər heyəti tərəfindən 50 fotoşəkil seçilərək sərgilənmək hüququnu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB