XDMX-nin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin əməkdaşları Azərbaycanın Moskvadakı səfirliyində xidməti vəzifələrinin icrasına başlayıblar
Fevralın 20-də Azərbaycanın Moskvadakı səfirliyində Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin əməkdaşları xidməti vəzifələrinin icrasına başlayıblar.
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, bununla əlaqədar olaraq diplomatik nümayəndəlikdə kollektivin ümumi iclası olub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq bildirib ki, Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb. O vurğulayıb ki, bu, dövlətimizin başçısının xarici ölkələrdəki diplomatik nümayəndələrin fəaliyyətinə xüsusi diqqət yetirdiyini göstərir. Polad Bülbüloğlu onlara daim diqqət və qayğı göstərdiyinə görə bütün diplomatlar və səfirliyin əməkdaşları adından Prezident İlham Əliyevə böyük minnətdarlığını bildirib. Onun sözlərinə görə, ölkənin maraqlarının bütün dünyada müdafiə olunması və önə çəkilməsi istiqamətində normal fəaliyyət üçün hər cür şərait yaradılmış, əməkdaşlar yüksək səviyyədə sosial və məişət şəraiti ilə təmin olunmuş, onlara tibbi təminat verilib.
Səfir vurğulayıb ki, Azərbaycanda ictimai-siyasi asayiş təmin olunur, sabitlik mövcuddur. Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin yaradılması göstərir ki, Azərbaycan müstəqil dövlət kimi öz səfirliklərinin və diplomatlarının müdafiəsini təmin etmək iqtidarındadır. Bu, ölkəmizin nüfuzunun və imkanlarının artdığını bir daha sübut edir.
Səfir bir çox ölkələrdə diplomatik nümayəndəliklərin təhlükəsizliyinə təhdidlərin artdığı bir dövrdə Azərbaycan səfirliklərinin mühafizəsi məsələsinin həllinin aktual olduğunu bildirmişdir. Dünyanın bəzi regionlarında siyasi vəziyyətin pisləşməsi ilə əlaqədar xarici ölkələrin diplomatik nümayəndəliklərinə hücum halları çoxalıb. O, Azərbaycan Prezidentinin Fərmanının icrası üzrə böyük və gərgin fəaliyyətinə görə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundova minnətdarlığını bildirib.
Sonra Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin şöbə rəisi Tofiq Qəmbərov çıxış edərək səmimi qəbula görə minnətdarlığını bildirib, idarənin məqsəd və vəzifələrindən danışıb. Mühafizə xidmətinin rəisini və şəxsi heyəti təqdim edən T.Quliyev idarə əməkdaşlarının yüksək peşəkarlığını, xarici dil bildiklərini, təcrübə və bacarıqlarını xüsusi vurğulayıb.
Qeyd edək ki, binası Azərbaycanın mülkiyyəti olan ölkəmizin Rusiyadakı səfirliyi təhlükəsizliyin təmin olunması üzrə kompleks tədbirlərin həyata keçirildiyi ilk diplomatik nümayəndəlik olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB