“Müəlliflik hüququ və İnternet: perspektivlər və problemlər” Seminar

“Müəlliflik hüququ və İnternet: perspektivlər və problemlər” Seminar

Bu gün "Müəlliflik hüququ və İnternet: perspektivlər və problemlər" mövzusuna həsr olunan beynəlxalq seminar öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT-nin) Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa Ölkələri üzrə bölməsinin, Mərkəzi və Şərqi Avropanın Müəlliflik Hüququ Alyansının və Beynəlxalq Ticarət Mərkəzinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

İlk olaraq çıxış edən Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov bildirib ki, bugünkü tədbir "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində Agentliyin keçirdiyi yekun tədbirdir: "Seminar "Copyright-İnternet" mövzusunda Agentlik tərəfindən keçirilən silsilə tədbirlərin (simpozium, seminar, dəyirmi masa) davamıdır. Tədbirin digər səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, 2014-cu ildə İnternetin yaranmasının 45 illiyi qeyd olunacaq. Bir neçə gün əvvəl isə Avropa Parlamenti rəqəmli hüquqların idarəçiliyi üzrə online qaydada istifadə olunan əsərlərə dair müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi haqqında Direktiv qəbul edib".

Seminarda internetdə müəlliflik hüququnun qorunmasında Azərbaycan təcrübəsi, rəqəmli mühitdə müəllif hüquqlarının təminatı, internetdə kreativ məhsulların yayılması ilə bağlı lisenziyalaşdırma üsulları, əqli mülkiyyət hüquqlarının qorunmasında internet təhlükəsizliyinin təmin edilməsi, internet servis provayderlərinin vasitəçilik öhdəlikləri, internetdə kreativ fəaliyyət nəticələrinin dövriyyəsinə yeni yanaşmalar barədə əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər məruzə və prezentasiyalarla çıxış ediblər.

Qeyd edək ki, seminar MHA və ÜƏMT-nin birgə təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə