Fevral ayının 10-da ölkəmizdə baş verən zəlzələ nəticəsində Yasaman rayonu A.Abbasov küçəsi-16 ünvanında yerləşən bina qəzalı vəziyyətə düşüb. Belə ki, 9 gün bundan qabaq baş verən zəlzələ binanın fasadında dərin çatlar əmələ gətirib. Bu gün paytaxtda əsən güclü külək həmin fasadı tamamilə dağıdıb. Hadisə yerinə gedən SİA əməkdaşları vəziyyətlə yaxından tanış olub, sakinlərin fikirlərini öyrəniblər.
Arif Novruzov: "Bina artıq 10 günə yaxındır ki, qəzalı vəziyyətdədir. Vəziyyətlə bağlı Fövqəladə hallar Nazirliyinin 112 xidmətinə zəng edilib, rayon icra hakimiyyətinə müraciət olunub. Müraciətdən sonra gəlib burada çəkiliş aparılsa da, bina qəzalı vəziyyətdə qalmaqdadır. Zəlzələ olan günü binanın fasadında çatlar əmələ gəlmişdi. Lakin bu gün səhər güclü külək nəticəsində fasadın çat olan hissəsi tamamilə sökülərək yerə tökülüb. Bu bütün bina sakinlərini narahatçılığına səbəb olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb".
Elnur Musazadə: "Sonuncu zəlzələdən sonra binada ağır çatlar əmələ gəlmişdi. Daşlar binadan asılı vəziyyətdə qalmışdı. Hər an düşmə təhlükəsi var idi. Bunu nəzərə alaraq bina sakinləri fasadın sökülüb yerə düşə biləcəyi sahəni daşla dairəyə aldılar ki, fasad sökülərkən insanların üzərinə düşməsin. Bu bina sakinlərini çox narahat edir. Çünki, bu gün güclü külək nəticəsində sökülən fasad kiminsə üzərinə düşə bilərdi və hadisə ölümlə nəticələnə bilərdi. Büdcəmiz zəif olduğundan bina sakinləri binanı təmir etmək qabiliyyətində deyillər. Ona görə biz üzümüzü aidiyyatı qurumlara tutub səslənirik ki, məsələ bağlı maraqlanıb, onu həll etsinlər. Xahiş edirik ki, müvafiq orqanlar bu işlə ciddi məşğul olsunlar. Binanın vəziyyəti yoxlanmalıdır. İnsanlar çox narahatdırlar".
Səbuhi Səfərov: "Bina artıq 10 gündür ki, qəzalı vəziyyətdədir. Bina sakinləri bundan çox narahatdırlar. Necə gün idi binanın fəsadında dərin çatlar yaranmışdısa, bu gün səhər güclü külək fasadı tamamilə yerə töküb. Bu sakinləri daha da narahat etməyə başlayıb. Çünki, fasad sökülsə də orada daşların bəziləri sallaq vəziyyətdədirlər və hər an düşmə təhlükəsi var. Bu insanların və ya bu yoldan keçən maşınların üzərinə də düşə bilər. Hadisə ilə bağlı lazımi orqanlara həm zəng, həm də məktub şəklində müraciət etmişik. Lakin nəticə hələ ki, yoxdur".
Məmmədova Səbinə: "Binada vəziyyət olduqca təhlükəlidir. Bu bizi çox narahat edir. Neçə gündü fasadda sallaq şəklində olan daşlar bu gecə güclü külək nəticəsində tamamilə tökülüb. Binanın bu vəziyyətdə olması burada yaşayan sakin və ya bu yoldan keçən istənilən insanın həyatı üçün təhlükədir. Çat böyük bir ərazini əhatə etdiyindən binaya giriş çıxış demək olar ki tamamilə bağlanıb. O yolun tamamilə bağlanması mümkün deyil. Çünki binaya giriş yalnız o yoldandır. Sakinlər harasa getmək üçün dolan yollardan istifadə etmək məcburiyyətində qalıblar. Uşaqlar üçün daha çox təhlükəlidir. Bu vəziyyət yaranandan demək olar ki, heç kim uşağını çölə buraxmır. Binaya giriş məhdudlaşdırılıb. Sakinlərin dükana getməsi belə çətinləşib. Dövlət orqanlarından xahiş edirik ki, məsələ ilə maraqlansınlar".
Əliyeva Nəsibə: "Bina 39 il bundan qabaq tikilib. İndiyə qədər belə bir hadisə olmayıb. Lakin son zəlzələ binanın qəzalı vəziyyətinə düşməsinə səbəb olub. Bizi bu hal çox narahat edir. İstərdik ki, lazımi orqanlar gəlib məsələ ilə maraqlansınlar. Binanın zəlzələyə davamlılığı yoxlansa daha düzgün olar. Çünki 3.5 bal gücündə zəlzələyə tam gətirməyən bina daha güclü zəlzələyə nə dərəcədə davamlı olacağı bina sakinlərini narahat edir. Fasadın töküldüyü yer bina sakinlər tərəfindən daşla əhatələnib ki, insanlar həmin ərazidən keçməsinlər. Binaya yol yalnız iki tərəfdəndir. Lakin o biri yol dolayı olduğundan insanlar daha çox bu yoldan istifadə edirlər. Fasadın sökülməsi yolu bağlayıb və sakinlərin harasa getməsində çətinliklər yaranıb".
Məsələ ilə bağlı Yasamal rayon icra hakimiyyətinə getdik. Oradan bizə bildirdilər ki, bina kooperativ bina olduğunda Rayon İcra Hakimiyyəti heç bir məsuliyyət daşımır.
Daha sonra Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.
Ümid edirik ki, yaxın günlərdə bina sakinlərinin narahatlığına son qoyulacaq. Aidiyyatı qurumlar məsələni tezliklə həll edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB