Xədicə İsmayılova şahid qismində dindiriləcək

Xədicə İsmayılova şahid qismində dindiriləcək

Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılova prokurorluğa çağırılıb. SİA-nın məlumatına görə, bu barədə X.İsmayılova sosial şəbəkədəki səhifəsində məlumat yayıb. Jurnalist yazıb ki, ona qarşı cinayət işi başlanıb: "Baş prokurorluqdan zəng elədilər. Mənə qarşı cinayət işi açıblar. Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb (284)".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya açıqlamasında X.İsmayılovanın istintaqa cəlb edilməsi barədə xəbərləri təsdiqləyib. Onun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib: Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib".

Qeyd edək ki, bir neçə gün öncə X.İsmayılova "facebook" sosial şəbəkəsindəki səhifəsində Milli Təhlükəsizlik Nazirliyindən (MTN) iddia etdiyi bir məktub yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə