Fevralın 10-da baş verən zəlzələdən sonrakı praqnozlar əsassızdır

Fevralın 10-da baş verən zəlzələdən sonrakı praqnozlar əsassızdır

Fevralın 10-da Hacıqabul yaxınlığında baş verən 5,8 maqnitudalı zəlzələ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu və ABŞ alimləri tərəfindən birgə aparılan tədqiqatların nəticələrini doğruldur. AMEA-dan SİA-ya verilən xəbərə görə, 1998-ci ildən 2010-cu ilə qədər aparılan araşdırmalardan sonra institutun direktoru, akademik Akif Əlizadə, elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, həmçinin ABŞ-ın Massaçusets Tenxnologiya İnstitutunun alimləri - Mayk Floyd, Robert Reylinger, Sadi Kuleli, Kinq və Nafi Toksöz 2012-ci ildə "Natural Hazard" jurnalında birgə məqalə dərc etdirib, Şərqi Qafqaz ərazisində geodinamik prosesləri təsvir edib.

Alimlər bu elmi məqalə ilə Kür köçəkliyi, Abşeron, xüsusən də Bakıda yer qabığının sıxılması nəticəsində baş verən deformasiya prosesləri barədə ətraflı məlumat verərək bildiriblər ki, bu ərazidə toplanmaqda olan güclü enerji yaşayış məntəqələrinə və Bakı ətrafında neft infrastrukturuna təhlükə törədə bilər.

F. Qədirov qeyd edir ki, 16 ildir Geologiya İnstitutunun alimləri amerikalı həmkarları ilə birgə GPS (qlobal yertəyinetmə sistemi) stansiya və məntəqələrinin imkanlarından istifadə edərək Qafqaz regionu, həmçinin Xəzər dənizində monitorinqlər aparır, yerin dərinliklərindəki prosesləri öyrənir. Müasir elmi-tədqiqat texnologiyaları vasitəsi ilə izlənilən vəziyyətin təzahürü fevralın 10-da təbii yolla hər kəs tərəfindən müşahidə olunub. Bununla belə, alim əlavə edir ki, məqalədə böyük dağıntılara səbəb olacaq zəlzələ haqqında heç bir söhbət getmir. KİV-lərdə geniş miqyaslı fəlakətlər barədə yayılan informasiyalar məqalənin müəlliflərinə aid deyil.

Xatırladaq ki, "Natural Hazard" jurnalındakı məqalə yeni dərc olunduqda müəlliflərin məlumatları müəyyən KİV tərəfindən düzgün tərcümə olunmayıb, yanlış anlaşılıb və ictimaiyyətdə böyük çaşqınlığıa səbəb olmuşdur. Sonra, alimlər açıqlama verərək məsələyə aydınlıq gətiriblər.
Bir neçə il bundan qabaq akademik Akif Əlizadə təbii fəlakətlər barədə elmi əsaslı məlumatların KİV-lərə yayılmazdan qabaq dəqiq yoxlanılması məqsədi ilə AMEA-da xüsusi mütəxəssislər qrupunun təşkili təşəbbüsünü irəli sürüb, lakin təşəbbüs həyata keçirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə