ARGTMŞ hesabat verdi

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2013-cü ilin yekunları ilə bağlı hesabat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Hadı Rəcəbli, gənclər təşkilatlarının üzvləri və digərləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının himni ilə başlayıb.

Tədbirdə çıxış edən ARGTMŞ-nın baş katibi Seymur Hüseynov ötən ilki strateji hədəflər, yerli regional və beynəlxalq səviyyədə həyata keçirilən fəaliyyət və proqramlar haqqında hesabat xarakterli məlumat verib. O bildirib ki, ötən il Şura tərəfindən Gənclər evi açılıb: "Gənclər evində ötən il müddətində gənclər təşkilatları üçün 60-dan çox təlim keçirilib. Ötən il Şuraya üzv olan təşkilatların da sayı artıb. Belə ki, 2013-cü ildə Şuraya 32 təşkilat üzv olub. Beləliklə də Şuraya üzv olan təşkilatların sayı 104-ə çatıb. Ötən il Şura tərəfindən bir çox layihələr həyata keçirilib. Həmçinin beynəlxalq səviyyədə bir çox ölkələrlə əməkdaşlıq həyata keçirilib. Ötən il həmçinin Şura üzvləri bir çox beynəlxalq platformalarda çıxış edib ki, bu ölkəmiz üçün çox önəmlidir. Şuranın 100 mindən çox fərdi üzvü var. Ötən il Şura tərəfindən 13 layihə həyata keçirilib. Həmçinin 70 beynəlxalq layihədə iştirak etmişik".

Tədbirdə Şuranın 2014-cü il üçün müəyyən edilən prioritet istiqamətləri təqdim edilib.

Konfransda 2013-cü ildən hazırlıq işlərinə başlanan www.nayora.az saytı təqdim edilib və bununla da internet portalı rəsmi olaraq istifadəyə verilib.

Tədbirdə çıxış edən Tahir Süleymanov bildirib ki, əgər 1994-cü ildə Ulu Öndər tərəfindən Gənclər və İdman Nazirliyi (GİN) yaradılmasaydı, o zaman ARGTMŞ indiki kimi inkişaf edib fəaliyyət göstərə bilməzdi: "O zaman gənclər təşkilatları arasında birləşmək məsələsində problemlər var idi. Belə ki, o zaman gənclər təşkilatları bu idayenı dəstəkləmir, əksinə mane olmağa çalışırdılar. Yalnız 12 təşkilatı Şuraya daxil etmək üçün razılaşdırmaq oldu. Onun da biri ictimai qınağa görə təsis konfransına gəlmədi və nəhayət 1995-ci ildə 11 təşkilatın təsisçiliyi ilə Şura yaradıldı. Lakin indi təşkilatın tərkibində 104 təşkilat toplaşıb. ARGTMŞ yarananda GİN Şuraya yalnız mənəvi dəstək verə bilirdi, çünki Nazirliyin maliyyə vəsaiti çox az idi. O zaman GİN-ə 30 min dollar ayrılırdı indi isə bu rəqəm 1000 dəfə artaraq 30 milyon manata gəlib çatıb. Bu maliyyənin də 1/3 hissədi gənclər təşkilatlarının layihələrinə və digər işlərə ayrılır".

Konfransda söz alan millət vəkili Hadı Rəcəbli vurğulayıb ki, Gənclər Nazirliyi ölkədə ən çox tədbir keçirən qurumdur: "Düşünürəm ki, bu çox düzgündür. Ona görə ki, gənclər bizim gələcəyimizdir".

Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə həyata keçirilən gənclər siyasətindən və Şuranın fəaliyyətindən danışıb.

Toplantıda çıxış edən Şuranın sədri Sahin Seyidzadə bildirib ki, hər il olduğu kimi bu il də Şura tərəfindən bir çox layihələr həyata keçiriləcək.

Toplantının ikinci hissəsində ARGTMŞ-nın 2014-cü il üçün ilk məclisi fəaliyyətə başlayıb. Bu zaman ARGTMŞ-yə üzv olmaq istəyən yeni təşkilatların təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə