Uşaq hüquqlarının pilləli tədrisi bu il də davam etdiriləcək

Uşaq hüquqlarının pilləli tədrisi bu il də davam etdiriləcək

Ombudsmanın təşəbbüsü ilə Uşaq hüquqlarının pilləli tədrisi bu il də davam etdiriləcək. Artıq beşinci tədris ilidir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta ümumtəhsil məktəblərində uşaq hüquqları sahəsində həmyaşıddan-həmyaşıda pilləli tədris proqramı uğurla həyata keçirilir.

Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2014-cü ilin fevral ayının əvvəlindən başlayaraq, Bakı şəhərinin hər rayonu üzrə bir, respublikamızın Xızı, Siyəzən, İsmayıllı, Oğuz, Lənkəran, Salyan, Goranboy, Tovuz rayonlarının hərəsindən daha üç orta ümumtəhsil məktəbi seçilməklə Uşaq hüquqlarının pilləli tədrisi həyata keçirilir.

Ombudsman Aparatında bu məqsədlə yaradılan və səmərəli fəaliyyət göstərən hüquqi maarifləndirmə qrupunun əməkdaşları adıçəkilən layihə çərçivəsində şagirdlərə uşaq hüquqlarını tədris edirlər. Proqram çərçivəsində məktəblərdə seçilmiş uşaqlar sərbəst şəkildə özlərindən bir pillə aşağı siniflərdə təhsil alanlar üçün uşaq hüquqlarına dair treninqlər keçirir, Müvəkkilin nümayəndələrindən bu sahədə öyrəndikləri bilgiləri həmyaşıdlarına aşılayırlar.

Qeyd edilməlidir ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin müəyyən edilməsinə yönəldilmişdir.

Təsisatda hazırlanmış "Uşaq hüquqları hamı üçün" adlı kitab və "Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular" adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilir.

İnsan hüquqlarının tərkib hissəsi kimi uşaq hüquqlarının daha geniş təbliği məqsədilə pilləli tədris prosesinin davamlılığına nail olmaq üçün gələcəkdə bu layihənin respublikamızın bütün orta ümumtəhsil məktəblərində təbliği nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə