Xocalı faciəsi Tovuz rayonunda anılıb

Xocalı faciəsi Tovuz rayonunda anılıb

Ombudsmanın Gəncə regional mərkəzinin əməkdaşları Tovuz Rayon İcra Hakimiyyəti ilə birgə rayon ictimaiyyətinin, ziyalıların, müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələrinin, KİV-in iştirakı ilə "Xocalı soyqırımı: beynəlxalq humanitar hüquq kontekstində" mövzusunda tədbir keçirilib. Aparatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov zorla üzləşdiyimiz Dağlıq Qarabağ münaqişəsi, qan yaddaşımıza yazılmış Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli hadisələrdən biri Xocalı soyqırımı olub. Bu hadisə qurbanlarının məruz qaldığı qeyri-insani hərəkətlərin, pozulub insan hüquqlarının miqyasına görə dünya tarixində baş verən Xatın faciəsi ilə müqayisə edilə bilər.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni hərbi hissələri Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı hərbi alayın köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edib. Nəticədə bir gecənin içərisində qədim yurd yerimiz Xocalı yerlə yeksan edilib, şəhəri tərk etməyə məcbur olan dinc əhali güllələnib, xüsusi qəddarlıqla qətlə yetirilib.

Bildirilib ki, Xocalı soyqırımı zamanı yol verilən cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosiddir və həmin vəhşilik, vandalizm aktı insanlığa qarşı törədilən qatı cinayət kimi öz layiqli qiymətini almalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı 1948-ci il tarixli Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada təsbit olunmuş genosid cinayətinin əsasını təşkil edən bütün mənfur əməllər tətbiq olunub.

Ombudsman Elmira Süleymanovanın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bu faciə ilə bağlı hər il nüfuzlu beynəlxalq təşkilatlara bəyanatlar ünvanlaması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

İştirakçılar rayon ictimaiyyəti adından Müvəkkilə tədbirin keçirilməsinə görə təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə