Bəzi internet saytları öz reytinqini yüksəltmək məqsədilə baş verən kiçik bir hadisəni sensasiyaya çevirir, bununla da cəmiyyəti yanlış fikirlərə yönəltməyə çalışırlar. Lakin düşünmürlər ki, bu cür məlumatlarla insanları aldatmaqla yanaşı, onların hissiyyatlarına toxunmuş olurlar. Adi bir partlayışı terror kimi qələmə verib insanlarda qorxu yaradan, Azərbaycanı sevməyən qüvvələrə mesaj verib, onların diqqətini ölkəmizə cəlb edən mətbuat orqanının nəyə xidmət etdiyini anlamaq çətindir. SİA məsələ ilə bağlı media kapitanlarının fikirlərini öyrənib.
.jpg)
"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid: "Çox təəssüf ki, bu gün bəzi media orqanları tez populyarlaşmağın yolunu yalan, şayə xarakterli, insanları vahiməyə salan xəbərləri dərc etməkdə görürlər. Onlar bu cür yollarla diqqət qazanmaq istəyirlər. Lakin uzun illər mətbuat təcrübəmə əsaslanaraq söyləmək istəyirəm ki, bu düzgün yol deyil, yalan xəbərlər yayan medianın sonradan nüfuzu, etibarı qalmır. Düşünürəm ki, bu cür yazılar yayan mətbu orqanları tezliklə bunu anlayacaqlar. O ki qaldı onların vətəndaş mövqeyinə, insanları vahimədə, qorxuda saxlamaq üçün yalan xəbərlər yaymaq xarici qüvvələrin dəyirmanına su tökməkdir. Bu da hər bir insan, xüsusilə də media üçün bağışlanmaz səhvdir. Bəzi internet saytları çox xaotik vəziyyətdədir. Bəzi saytlar ağzına gələni yazır. Güman edirəm ki, bu sahədə də tənzimləmə mexanizmi olmalıdır. Yoxsa vəziyyət daha da acınacaqlı ola bilər. Təbii ki, bunu inzibati yolla həll etmək mümkün deyil. Bu cür halların qarşısını həmin saytlarda peşəkarların çalışması ilə almaq mümkündür. Mətbuat Şurasında da bunun tənzimləmə yolu axtarılır. İnternet saytları da medianın bir hissəsi olduğundan onların da Mətbuat Şurasının üzvülüyünə daxil olması haqqında düşünürük. Belə olan halda onlar qol çəkib jurnalist peşə qaydalarına əməl etmək məcburiyyətində qalacaqlar. Belə ki, əməl etməyənlər üçün qəzetlərdə olduğu kimi hər hansı bir qrup yaradıb onları bu qrupa daxil etmək olar. Bununla onlar ictimai qınağa çəkilə bilərlər".
.jpg)
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: "İnformasiyalar fakta söykənməli, şişirdilməməli, təhrif olunmamalıdır. Bilirik ki, hər bir jurnalistin məsələyə yanaşma tərzi var. Lakin jurnalist peşə qaydalarında ən mühüm amil ondan ibarətdir ki, jurnalist hadisələri olduğu kimi qərəzsiz dərc etməlidir. Jurnalistikanın bir peşə kimi mahiyyətində millətinin, dövlətinin təhlükəsizlik siyasəti dayanır. Cəmiyyətə qarşıdurma, yalançı, şayə xarakterli ötürülən informasiyalar insanların psixoloji durumuna, normal düşüncə tərzinə, həyatı inamlarına, müəyyən mənada sarsıntı, zərbə vura bilər. Jurnalist çox məsuliyyətli peşədir və hər peşənin prinsiplərinə hörmətlə yanaşmaq lazımdır. Azad söz, azad fikir daşıyıcısı olan peşəkar mətbuat orqanları, jurnalistlər olsa da bunlarla yanaşı qeyri-peşəkar da az deyil. Nə qədər ki, Azərbaycan mətbuatında qeyri-peşəkarlar var, bu insanlar müəyyən qədər problemlər yaradacaqlar. Onların peşəkarlıqları istiqamətində müəyyən işlər görülməlidir. Belə ki, hər hansı bir mətbuat orqanı açan insan düşünməlidir ki, onun informasiya siyasəti həqiqətə, doğruluğa, cəmiyyətin inkişafına xidmət etməlidir. Jurnalistin faktdan kənar fəaliyyəti ziyanlıdır. İnternet mediasına hər hansı bir sərt qaydalar tətbiq etməyin heç bir effekti olmayacaq. Bunun qarşısının alınmasının bir yolu var o da ki, maarifçilik işlərinin aparılmasıdır. Mətbuat Şurası da bu istiqamətdə müəyyən tədbirlər görür. Şuranın idarə heyətində internet jurnalistikası ilə məşğul olan peşəkarlar var ki, onlar bu işlərə nəzarət edirlər. Mətbuat Şurasının bu məsələlər bağlı ciddi planları var ki, bu il ərzində onlar həyata keçiriləcək".
"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev: "Düzdür, bəzi internet saytları, yaxud portallarında hadisələr o qədər şişirdilir ki, insanlarda qorxuya gətirib çıxarır. Hansı ki, bu cür hadisələr bütün dünyada baş verir. Bəziləri bunu məqsədli şəkildə, hər hansı bir qorxu, ajeotaj yaratmaq məqsədilə edirsə, bəziləri bilməyərəkdən edir. Bunun qarşısının alması üçün müəyyən ölçülər götürülməlidir. Bununla bağlı müzakirələr aparılmalı, qarşısının alınması istiqamətində addımlar atılmalıdır. Bizdə internetə heç bir məhdudiyyət qoyulmadığından bunun qarşısını almaq mümkün olmur. Amma bunun bir yolunu tapmaq olar. Qonşu Türkiyə də demokratik ölkədir. Lakin bu cür halların qarşısının alınması məqsədilə müəyyən məhdudiyyətlər tətbiq edilib. Bizdə də bu hallara qarşı müəyyən məhdudiyyətlər qoyula bilər".

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli: "Hər hansı bir mətbuat orqanı və ya jurnalist yazı yazarkən Azərbaycanda "İnformasiya əldə etmək" haqqında qanunun tələblərinə riayət etməlidir. Bundan əlavə jurnalist hər hansı bir məlumat yaydıqda nəzəri biliklərə əsaslanmalıdır. Reytinq naminə məlumat yayıb, sonra ona təkzib vermək həmin orqanın qeyri-ciddiliyini göstərir. Təəssüflər olsun ki, son zamanlar bizdə belə hallar geniş yayılıb. Bunun tənzimlənmə mexanizmi yoxdur. Bu cür halların qarşısını hər hansı cəza tətbiq etməklə almaq mümkün deyil. Azərbaycanda senzura 1998-ci ildə ləğv edilib və heç kim hər hansı bir mətbu orqanına deyə bilməz ki, sən xəbəri belə yox başqa cür yaz. Bu yalnız həmin yazarların özündən irəli gələn məsələdir. Özünə hörmət edən mətbu orqanı bu yola əl atmaz. Bu cür yazıların arxasında jurnalistlərin qeyri-peşəkarlığı dayanır".

"Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova: "Bütün mətbu orqanları məlumat yaymamışdan qabaq onu mütləq araşdırılmalı, rəsmi mənbələrə əsaslanmalıdır. Lakin bəzi media orqanları bu cür məlumatları yaymaqla özlərinə reytinq qazanmağa çalışırlar. Bu cür addımlar atanların məqsədi qarşıdurma, insanlar arasında çaşqınlıq yaratmaqdır. Yazılı mətbuatda bir o qədər deyil, lakin internet mediasında bu hallara daha çox rast gəlmək mümkündür. Bu halların qarşısının alınması mümkün deyil. Çünki, internet mediasına heç bir məhdudiyyətlər yoxdur. Belə olduqda onun qarşısını almaq çox çətindir. Bu cür problemlərin ortaya çıxmasının ilk səbəbi mətbuatda qeyri-peşəkar jurnalistlərin fəaliyyət göstərməsidir. İnternet saytlarının sayı çoxaldığında jurnalistlərə ehtiyac çoxalır. Belə olan halda mətbuata qeyri-peşəkar jurnalistlər daxil olur. Bu problemlər də onların fəaliyyəti nəticəsində ortaya çıxır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB