Odessa şəhərində Xocalı Ayı ilə bağlı tədbirlərə start verilib

Odessa şəhərində Xocalı Ayı ilə bağlı tədbirlərə start verilib

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Ümumukrayna Gənclər Assambleyasının və ASAİF-in Xocalıya Ədalət kompaniyası çərçivəsində Ukraynada elan etdiyi Xocalı Ayı ilə bağlı tədbirlərə Odessa şəhərindən start verilib. SİA-nın məlumatına görə, anım mərasimində iştirak edən Azərbaycanlı və Ukraynalı gənclər, diplomatlar və bir sıra xalqların diaspora təmsilçiləri ilk öncə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqırımı siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.

1992-ci il fevral ayının 26-da erməni silahlı dəstələrinin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirtdikləri misli görünməmiş vəhşiliklərdən söz açan Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Sabir Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər şəxslər aradan 22 il keçməsinə baxmayaraq dünya birliyinin və beynəlxalq təşkilatların Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndiriblər.

Mərasimə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı harayı filminə baxmaqla ermənilərin 22 il bundan öncə azərbaycanlılara qarşı həyata keçirtdikləri bəşəri cinayətlə tanış olublar.

Filmə baxdıqdan sonra "Xocalı faciəsini törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidir"- deyə, müraciətlə çıxış edən Odessa meri yanında Gənclər təşkilatının sədri İnna Tımçik və digər ukraynalı gənclər indiyədək belə bir bəşəri cinayətə göz yuman dünya birliyini haqqa və ədalətə səsləyərək qeyd ediblər ki, Xocalı faciəsi dünyada baş verən ən amansız qətliamlardan biridir: "Biz təəssüflənirik ki, indiyədək beynəlxalq təşkilatlar belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməyib. Əminik ki, gec-tez dünya birliyi Xocalı faciəsini soyqırımı aktı kimi tanımaq məcburiyyətində qalacaq.

Tədbirdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə