Samir Adıgözəlli: "Bu gün biz iki cəbhədə mübarizə aparırıq" MÜSAHİBƏ
Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini, Dünya Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Samir Adıgözəllinin SİA-ya müsahibəsi
- Hazırda fəaliyyət göstərdiyiniz qurumlarda diaspora sahəsi ilə bağlı hansı layihələr üzərində işlənilir?
- Beynəlxalq Diaspora Mərkəzinin fəaliyyəti illərdir ki, Azərbaycan diasporunun təşkilatlanması, müxtəlif ölkələrdə mövcud olan diaspora təşkilatlarımızın bir-birinə koordinasiya olunması, onların fəaliyyətlərinin əlaqələndirilməsi, onlarla birgə Azərbaycançılıq məsələlərinin təbliği istiqamətində işlər görməkdir. Baxmayaraq ki, Mərkəzin əsas hissəsi Bakı şəhərində yerləşir təşkilat bütün fəaliyyətini daha çox xarici ölkələrdə qurub. Eyni zamanda Dünya Azərbaycanlılarının Konqresi də fəaliyyətini dünya azərbaycanlılarının bütövlüyü, birliyi istiqamətində aparır. Konqresin təsis qurultaylarının Avropa, Amerika və digər ölkələrdə keçirilməsinin özü elə diaspor hadisəsidir. Hər hansı bir xarici ölkədə Azərbaycanlıların bir yerə yığışması, qurultay keçirməsi ölkəmiz üçün mühüm haldır.
- Qarşıdan Xocalı faciəsinin növbəti il dönümü gəlir Azərbaycanda və xarici ölkələrdə bu günlə bağlı hansı tədbirlər keçirməyi planlaşdırırsınız?
- Xocalı faciəsi bizim hər birimizin ağrılı və yaralı yeridir. Biz bu faciə ilə bağlı hər zaman tədbirlər həyata keçirir, işimizi onun dünyada tanınması istiqamətində qurmağa çalışırıq. Biz təkcə fevral ayında deyil, ilin bütün aylarında, günlərində apardığımız təbliğat təşviqat işlərində istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də Xocalı faciəsini daim gündəmdə saxlayırıq. Keçirtdiyimiz görüş və tədbirlərdə azərbaycanlıların başına gətirilən bəlalar hər zaman aktual olur. Bu il də Xocalı faciəsi ilə bağlı Türkiyənin İğdır, Van, Kars bölgələrində xüsusi tədbirlər həyata keçirməyi nəzərdə tuturuq. Bizim bu bölgələri seçməyimiz təsadüfi deyil. Bilirsiniz ki, bu bölgələr ermənilər üçün xüsusi maraq kəsb edir. Erməni diaspor təşkilatları həmin bölgələrdə daha geniş yayılıb və fəaliyyət göstərirlər. Biz də Diaspora Mərkəzi olaraq tədbirlərimi məhz bu ərazilərdə keçirməyi nəzərdə tuturuq. Belə ki, bu bölgələrdə Xocalı faciəsi ilə bağlı sərgi, konfrans və onların məscidlərinin birində mövlud mərasimi təşkil olunacaq.
- Azərbaycan mətbuatında diaspora təşkilatlarının fəaliyyətinin işıqlandırılması sizi qane edirmi?
- Azərbaycan gənc müstəqil dövlət olaraq təbii ki, lobbiçilik, diaspora fəaliyyətində də gəncdir. Lakin qısa bir müddətdə bu sahə ilə bağlı böyük nailiyyətlər qazanmışıq. Misal üçün Xocalı faciəsini götürsək onun tanıdılması istiqamətində bir sıra işlər görülüb. Qısa müddət ərzində bir çox ölkələr faciəni tanımağa başlayıblar. Təbii ki bütün bunlar orada aparılan təbliğat nəticəsində əldə olunub. Bununla dünya ictimaiyyəti ermənilərin xalqımıza qarşı törətmiş olduqları cinayət hadisələrindən məlumatlanırlar. O ki qaldı KİV-in bu işlərdə roluna təbii ki, onların da bu işlərin işıqlandırılmasında rolu böyükdür. Biz çalışırıq ki, həm yerli, həm də Türkiyə və digər ölkələrin mətbuatı ilə yaxından işləyək və onların vasitəsilə ölkə həqiqətlərimizi dünyaya çatdıraq. Düzdür hələ ki nəticə ürək açan deyil. Amma buna baxmayaraq ilbəil bu istiqamətdə yüksəlişi görürük. Məni narahat edən məsələ Azərbaycan mediası, xüsusilə də televiziya kanallarının bu məsələyə geniş yer verməməsidir. Hər hansı bir hadisəyə onun təqvim günü münasibət göstərirlər. Məsələn, Dünya Azərbaycanlılarının Qurultayı günü yaxınlaşanda yalnız o zaman onun haqqında yazılar yazmağa, süjetlər göstərməyə başlayırlar. Düşünürəm ki, diaspora təşkilatlarının informasiya şəbəkəsi yaranmalıdır. Xaricdə fəaliyyət göstərən diaspora təşkilatları, cəmiyyətlərin fəaliyyəti televiziyalarda işıqlandırılmalıdır. Bunun üçün də biz televiziya mütəxəssisi yetişdirib ən azı Rusiya və ya Ukrayna televiziyalarında yerləşdirməliyik. Ermənilər hər hansı bir məlumat yaymaqda çətinlik çəkmirlər, ona görə ki, onların xarici televiziyalarda yetişdirdikləri xüsusi televiziya mütəxəssisləri var. Onlar istədikləri məlumatı həmin mütəxəssisləri vasitəsilə yaymaq imkanına malikdirlər. Amma biz xarici mətbuatda hər hansı məlumatın yayılması üçün maliyyə hesabı ayırmaq məcburiyyətində qalırıq. Bəzən bizi erməni diasporu ilə müqayisə etməyə çalışırlar. Lakin biz özümüzü onlarla müqayisə edə bilmərik. Çünki, dünyada 60 milyon Azərbaycan türkü var. Bu çox böyük gücdür. Kifayət qədər ziyalı, təhsilli həmyerlilərimiz var. Sadəcə, hər bir diaspora təşkilatı təşkilatlar arasında deyil, Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı mübarizə aparmalıdır. Unutmayaq ki, bu gün biz iki cəbhədə - biri səngər, biri isə diaspora cəbhəsində mübarizə aparırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB