YAP Gənclər Birliyinin təşkil etdiyi "Qış məktəbi" işini fevralın 13-də "Azərbaycanda sosial cəmiyyət modeli" və "Dövlət gənclər siyasəti" mövzusunda diskussiyaların keçirilməsi ilə davam etdirdi. YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycanın 23 ilə yaxın dövrü əhatə edən müstəqillik tarixində dövlətin gənclərə diqqət və qayğısından geniş bəhs ediblər. Bildirilib ki, bu gün ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu böyük inam hissi ilə qeyd olunur. Təbii ki, dövlət gənclər siyasəti dedikdə də gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə bildirib ki, tarixə qısa nəzər yetirdikdə bu reallıq öz təsdiqini tapır ki, əgər dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Hakimiyyətinin birinci dövründə ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri azərbaycanlı gənclərin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnmələri üçün keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyi üçün böyük əhəmiyyətli məsələ idi. Məhz ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində həmin dövrdə C.Naxçıvanski adına hərbi lisey yaradılmışdır ki, bu gün orduda xidmət edən zabitlərin əksəriyyəti həmin məktəbin yetirmələridir.
V.Rəhimzadə qeyd edib ki, son on ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam edən möhtərəm Prezidentimiz İlham Əliyevin gənclərə diqqət və qayğısı da davamlılığı ilə diqqət çəkir. Gənclərin böyük qüvvə olduğunu qeyd edən dövlət başçısı İlham Əliyev onların potensialından istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyur. İmzalanan Dövlət Proqramlarında əksini tapan müddəalara diqqət yetirdikdə dövlətin gənclərin hərtərəfli inkişafında maraqlı olduğu və buna nail olmaq üçün bütün səyləri göstərdiyi aydın görünür.
YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov dövlətin gənclərə diqqət və qayğısından məmnunluğunu ifadə edərək bildirib ki, son on ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər istiqamətlər kimi, bu sahədə də özünü qabarıq şəkildə biruzə verir. Bu müddət ərzində imzalanan fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. 2007-ci ilin dövlət başçısı İlham Əliyev tərəfindən "Gənclər ili" elan edilməsi də onlara diqqətdən qaynaqlanan addımlar sırasındadır. Gənclərin təhsili, elmin sirlərinə dərindən yiyələnmələri dövlətin siyasətində əsas yer tutan istiqamətlərdən olduğundan bu yönümdə də bir sıra mühüm sənədlər qəbul olunmuşdur. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır. Azərbaycan gəncliyi bu diqqət və qayğıdan razılıqlarını fəaliyyətləri ilə ifadə edirlər.
S.Orucov bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini də gənclər təşkil edir. Dövlət başçısı İlham Əliyev dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında gənclərin təmsil olunmasını qarşıya mühüm vəzifə kimi qoyub. Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq Yeni Azərbaycan Partiyası ötən parlament və bələdiyyə seçkilərində gənclərin təmsilçilik faizinin artırılması istiqamətində mühüm addımlar atmış və nəticə göz qabağındadır.
YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Yeni Azərbaycan Partiyasının gənclərin ictimai siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsi istiqamətində atdığı addımlardan bəhs edib. Bildirib ki, gənclər bu layihələrdə fəal iştirak edir, öz potensiallarını ortaya qoymağa çalışırlar. Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Qüdrətlənən, güclənən Azərbaycan hər birimizin qürur mənbəyidir.
"Azərbaycanda sosial cəmiyyət modeli" mövzusunda diskussiya da gənclərin fəal iştirakı əsasında keçirilib. YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycanın iqtisadi inkişaf modelindən, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasından geniş bəhs ediblər. Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimində son on ilin statistikası fonunda səsləndirdiyi bu fikirləri bir daha diqqətə çatdırıblar: "Sosial siyasətlə bağlı bizim mövqeyimiz hesab edirəm ki, məlumdur. Son 10 ilin təcrübəsi deməyə əsas verir ki, cəmiyyətdə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur, olmayacaqdır. Yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və digər sosial proqramlar icra ediləcək, sosial infrastrukturun yaradılması davam etdirilməlidir".
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə regional inkişaf proqramlarının uğurlu icrasının ölkənin hərtərəfli inkişafında stimul olduğunu qeyd edib. Bildirib ki, ötən il ikinci Dövlət Proqramının uğurla başa çatması yeni proqramın qəbulunu zərurətə çevirir. Birinci Dövlət Proqramının qəbulundan, 2004-cü ildən ötən dövr ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. İqtisadiyyata qoyulan investisiyalar 160 milyard dollar təşkil edib. Dünyanı bürüyən maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatının artması beynəlxalq səviyyədə uğurlu siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilir. İqtisadiyyatın aynası olan büdcənin son on ildə 20 dəfədən çox artması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Ümumi fikir budur ki, 2014-cü il də ölkəmizin iqtisadi həyatında mühüm uğurlarla, əhəmiyyətli layihələrin icrası ilə yadda qalacaq. Azərbaycan dövlət büdcəsi ilə də Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması uğurların davamlılığında həlledici rol oynayır. Bir sözlə, Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edib. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsi də uğurlu sosial-iqtisadi islahatlara əsaslanır.
YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, statistik rəqəmlərə diqqət yetirdikdə ölkəmizin iqtisadi inkişafı barədə aydın təsəvvür yaranır. Azərbaycan eyni zamanda uğurlu sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında da birinciliyini qorumaqdadır.
YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycanın iqtisadi uğurlarını şərtləndirən amillərdən bəhs edərək bildirib ki, düzgün təmələ əsaslanan siyasət ölkəni daim inkişafa aparır.
Diskussiya şəklində davam etdirilən təqdimatda YAP Gənclər Birliyinin üzvləri Orxan Fəxrəddinov, Xatirə Bayramova, Əli Qəmbərli, Məhəmməd Həsənov, Hacı Zeynaloğlu, Asəf Vəliyev, Mehdi Namazov, Dilarə Seyidova, Rövşanə Turabova və başqaları çıxış edərək fikirlərini bölüşüblər, Azərbaycanın uğurlarından, gənclərə diqqət və qayğıdan məmnunluqlarını ifadə etdilər. Bildirdilər ki, bu gün hər kəs dinamik inkişaf edən, Cənubi Qafqazın parlayan ulduzu kimi dəyərləndirilən Azərbaycan kimi ölkənin vətəndaşı olmaqdan qürur duymalıdır.
Fevralın 13-də "Qış məktəbi"nin iştirakçıları Qəbələ rayonunda oldu, bölgə ilə tanışlıqdan sonra bağlanış mərasimi keçirilib. Gənclər keçirilən tədbirlərdə əldə etdikləri biliklərdən razılıqlarını bildirərək, bu kimi layihələrin davamlı olmasını arzulayıblar.
Ceyhun Piriyev, "İki sahil", Oğuz







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB