"Birinci və ikinci Dövlət proqramları artıqlaması ilə yerinə yetirilib. İndi üçüncü Dövlət proqramının qəbulu gözlənilir. Əminəm ki, bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti 5 il ərzində görəcəyik və beləliklə, regionlar qarşısında duran bütün vəzifələr icra ediləcəkdir".
"Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) Prezident İlham Əliyevin iqtisadi sahədə fəaliyyətinin ana xəttini təşkil edir və mühüm strateji hədəfləri özündə birləşdirir. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enib. regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb və 1,2 milyondan çox yeni iş yeri yaradılıb ki, onun 900 mini daimidir. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əmək haqqı 7,3 artıb. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.
Dövlət proqramlarının icrasına 50,7 milyard manat vəsait yönəldilib…
Regionların inkişafı dövlət proqramlarının icrası daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub, ölkə başçısı 10 il ərzində bölgələrə davamlı şəkildə səfərlər etməklə proqram çərçivəsində əlavə tədbirlərin görülməsinə qərar verib. Ölkə başçısı ötən dövrdə 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib, iri müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə 240 sərəncam imzalayıb. Bu, Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyiniz diqqətin ən yüksək təcəssümüdür. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları iqtisadi inkişafın əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib. Regionlardakı sahibkarlıq subyektlərinə və biznesə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, azad sahibkarlığın inkişafı üçün maliyyə və texniki imkanların artırılması da başlıca məqsədlərdən biri olub. Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür. Həyata keçirilmiş tədbirlər sayəsində məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb və ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb. Həmin kreditlər hesabına ölkədə 55 min yeni müəssisə yaradılıb. Azad biznesə dəstək və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi potensialın gücləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə, qeyri neft sektorunun inkişafına səbəb olub. Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.
Son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi yaradılıb…
Regionların inkişafı ilə bağlı tədbirlərə sənaye sektorundakı iri mühüm layihələrin həyata keçirilməsini də aid etmək olar. Sənaye sektorunun inkişafına dair dövlət proqramlarının icrasının sürətləndirilməsi isə indistriual iqtisadiyyatın möhkəmlənməsi üçün əsaslı təkan olub. Sənayeləşmənin əsas ssenarilərinə uyğun olaraq bu sahədə yeni və müasir texnologiyaların tətbiqi genişlənib ki, bu da ağır sənaye, elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materialları sənayesinin istehsalı müəssisələrinin yaradılmasına səbəb olub. Son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi yaradılıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 24-ü üzrə işlər davam etdirilir. Ötən dövr ərzində bu sahədə 3 dəfədən çox artım qeydə alınıb və ÜDM-də sənayenin ən yüksək pozitiv bölmə olduğunu göstərir.
Hazırda Sənayeləşmənin ən innovativ və mütərəqqi modeli olan sənaye texnoparklarının yaradılması isə indistrual cəmiyyətin formalaşmasını güclü zəmin yaratmaqdadır. Xüsusilə də bu proses daha çox regional xarakter almağa yönəlib və Sumqayıt, Gəncə, Mingəçevir, Daşkəsən kimi regionlarda ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulan sənaye texnoparklarının yaradılması istiqamətində işlər gedir.
Birinci və ikinci dövlət proqramlarının uğurlu icrası və nəzərdə tutulan tədbirlərin tammiqyasda yerinə yetirilməsi qarşıya qoyulan strateji məqsədlərə tam nail olunduğunu təsdiqləyir.Prezident İlham Əliyev respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və qarşıdakı illərdə yeni meyarların, texnolji dəyişikliklərin, mühüm iqtisadi-sosial çağırışların meydana çıxacağını və buna uyğun olaraq daha pozitiv addımların atılacağını bəyan edib. Yaxın dövrdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi respublikamızın qarşısında inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası zəruri olacaq. Azərbaycan innovativ iqtisadiyyata keçidi təmin etməklə bu meyarların regionlarda da tətbiqinə üstünlük verəcək.
Hazırda geniş regional miqyaslı proqramların icrası sayəsində modernləşən və yaxud yenidən qurulan və milli istehsalın dinamikasına təsir edən yeni qabaqcıl müəssisələrdə tətbiq olunan texnologiyaların əhatə dairəsi daha da genişlənəcək. Ən son nəsil avadanlıqlara əsaslanan modellərin tətbiqi real olacaq ki, bu da innovasiyaların geniştutumluluğunu şərtləndirmiş olacaq. Bütün bunlar isə yeni regional inkişaf proqramının hazırlanmasını zəruri edir.
2014-2018-ci illərə dairə dair yeni regional inkişaf proqramı…
2014-2018-ci illərə dair yeni regional inkişaf proqramının hazırlanmasını yeni dövrün iqtisadi reallıqları, Azərbaycanın qarşısında duran yeni çağırışlar ortaya çıxarır və hökumət müasir inkişaf meyarlarına uyğun olaraq bu iqtisadi və sosial sifarişləri yerinə yetirməyə təsas məqsəd seçib. Birinci və ikinci dövlət proqramlarında nəzərdə tutulan məqsədələrin yerinə yetirilməsi, xüsusilə də, rayonlardakı mövcud sosial infrastrukturların və koomunal xidmət sektorlarının tam yenidən qurulması artıq demək olar ki, başa çatmaq üzrədir və qarşıdakı dövrdə iqtisadi tədbirlərin meyarları tam başqadır.
Dövlət qarşıdakı növbəti beş illik regional inkişaf proqramının əsas ana xətti kimi regionlardakı qeyri-neft ehtiyatlarının səfərbər olunaraq istehsal imkanlarının artırılmasını strateji hədəf seçib. Azərbaycan yaxın 7-8 ildə ümumi daxili məhsulun həcmini 2 dəfə artırmağı, əsas etibarilə qeyri-neft sektorunun hesabına təmin etməyi iqtisadi prioritetlərdən biri kimi müəyyən edib. Proqnozlara görə, iqtisadi artım qeyri-neft sektorunun, sənayenin və informasiya-kommunikasiya texnologiyalarının inkişafına təmin olunacaq. Bunun üçün regionlardakı iqtisadi ehtiyatlara yeni texnoloji yanaşma tələb olunur. Bütün bu amillər üçüncü regional inkişaf proqramında nəzərə alınacaq.
Dövlət başçısı bildirib ki, indiyə qədər əldə olunmuş müsbət təcrübə növbəti 5 il ərzində yeni dövlət proqramının icrasını uğurla icra etmək üçün güclü əsas yaradır. "Bizim kifayət qədər iqtisadi, maliyyə və texniki resurslarımız olacaqdır ki, üçüncü proqramı uğurla icra edək. Əlbəttə ki, son 10 il ərzində biz böyük təcrübə toplamışıq. Son 10 il ərzində Azərbaycanda minlərlə yeni şirkət yaranmışdır və biz çalışırıq ki, yerli şirkətləri gücləndirək. O cümlədən güzəştli şərtlər hesabına onların dövlət layihələrində iştirakı təmin edilir. Bu gün tikinti sahəsində işlərin böyük əksəriyyəti yerli şirkətlər hesabına görülür. Bu, o şirkətlərin maliyyə vəziyyətini yaxşılaşdırır, iş yerlərinin açılmasına gətirib çıxarır, büdcəyə daha çox vergi ödənilir və təcrübə toplanılır. Yəni, növbəti proqramın icra edilməsi əminəm ki, uğurlu olacaqdır".
Ortamüddətli dövrdə regionlarda sahibkarlığa dövlət maliyyələşdirilməsi, bankların kredit resurslarının həcminin artırılması, real sektora maliyyə axınlarının gücləndirilməsi əsas istiqamətlərdən biri olacaq. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq sahibkarlara verilən kreditlərin həcmi ilbəil artacaq və qarşıdakı ildə hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər veriləcək. Beləliklə, üçüncü proqramın sonuna - 2018-ci ilə qədər təxminən bir milyard yarım manat vəsait kredit veriləcəkdir. Bu vəsait də iqtisadiyyatın real sektoruna qoyulacaqdır.
Regionlardakı iqtisadi potensial 2 dəfədən çox artacaq…
Ölkənin iqtisadi potensialının gücləndirilməsi və onun daha dolğun reallaşdırılması başlıca məqsəddir. Bu ali məqsədlərə ölkənin malik olduğu təbii sərvətlərdən səmərəli istifadə edilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və regionlar arasında mövcud olan diferensiasiyanın minimuma endirilməsi, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin və onun intellektual-texnoloji səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi və optimal iqtisadi strukturun və qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, ölkənin ixrac potensialının artırılması, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin təmin olunması kimi prioritetlər daxildir. Həmin prioritetlərə uyğun olaraq bölgələrdəki qeyri-neft resurslarının istehsalal prosesinə cəlb olunması, müasir tələblərə cavab verən, ixrac potensiallı qeyri-neft sənaye müəssisələrinin yaradılması, innovasiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
Regionlarda iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsinin genişləndirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi, enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun inkişaf etdirilməsi, İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, insan kapitalının inkişafının təmin edilməsi, ətraf mühitin qorunması, şəhər və kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi kimi alt istiqamətləri əhatə edir.
Azərbaycan ÜDM-in artımına görə, "50-lik ölkələri" qrupuna daxil olacaq…
Həyata keçiriləcək bu tədbirlər Azərbaycanın ümüumi daxili məhsulun həcminə görə, dünya 50-liyi ölkələri qruğuna daxil olmasını mümkünləşdirəcək. Hazırda Azərbaycand ÜDM-in həcmi 57,7 milyard manat (73 milyard dollar) təşkil edir və 2003-cü ildən indiyədək 3 dəfədən çox artımın qeydə alınması gələcək üçün nikbin proqnozları irəli sürməyə əsas verir. Respublikamız 2003-cü ildə ÜDM-in həcminə görə, dünyada 108-ci, adambaşına düşən ÜDM-in həcminə görə, 154-cü olduğu halda, 2013-cü ildə bu göstərici müvafiq olaraq 69 və 78 olub. Yəni, Azərbaycan ÜDM-in həcminə görə, dünyanın ən yaxşı 50 ölkəsi sırasında qərarlaşmağa çox yaxındır. Ölkə iqtisadiyyatının son 10 illik inkişaf bumu ÜDM-in nisbi artımının ən azı 2-2,5 dəfə yüksəlməsi üçün güclü zəmin yaradır. Proqnozlara görə, 2020-ci ilədək ölkəmizdə ÜDM-in həcmi 105 milyard manata (135 milyard dollar) catacaq. ÜDM-in artımı fonunda Azərbaycanın inkişaf etmiş "50-lik" qrupunda yer alması respublikamızın "orta gəlirli ölkələr" statusundan "yüksək gəlirli ölkələr" şkalasına daxil olmasını da şərtləndirir. Məlum olduğu kimi BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, "orta gəlirli ölkələr" qrupuna daxil olmaq qısa müddətdə mümkün olmur. 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olub. Həmin qrupa daxil olan ölkələrdə hər nəfərə düşən ÜDM-in həcmi 6-7 min dollar olmalıdır. Azərbaycanda hazırda bu rəqəm 7,7 min dollar təşkil edir. Ölkəmiz həmin qrupun ən yüksək şkalasında yer almaq üçün ən stabil və böyük əminlik doğuran dövlətdir. Bu iqtisadi güc sözsüz ki, ölkənin və onun insanlarının yaxşı yaşayışının göstəricisini müəyyən edir. Ölkəmizdə hazırda hər nəfərə düşən ÜDM-in həcmi 10 min dollara yaxınlaşır. üçüncü Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər sayəsində Azərbaycanın makroiqtisadi sabitliyi daha da möhkəmlənəcək, iqtisadiyyatın diversifikasiyası dərinləşəcək, aqrar sektorda intensiv metodların tədbiqi genişlənəcək, bölgələrdə sənayeləşmə sürətlənərək yeni mərhələyə qədəm qoyacaq, iqtisadi rayonlarda sənaye şəhərciklərinin yaradılması reallaşacaq, regionların ixrac potensialı güclənəcək. Eyni zamanda, regionlarda yeni texnologiyalarından istifadə imkanlarının genişlənməsi sayəsində innovativ iqtisadiyyata keçid tam təmin olunacaq, biznes və investisiya mühiti daha da yaxşılaşacaq, insanların sosial rifahı və insan kapitalının inkişafı yüksələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB