“Hər kağızı bir yarpağa dəyişək!” Kütləvi aksiya-FOTOLAR

“Hər kağızı bir yarpağa dəyişək!” Kütləvi aksiya-FOTOLAR

İDEA İctimai Birliyi, "ASAN Xidmət" və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi davam edir. SİA-nın xəbərinə görə, layihə çərçivəsində bu gündən etibarən hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən "ASAN Xidmət" mərkəzlərinin hər birində kütləvi aksiyaya start verilib.

İDEA İctimai Birliyinin layihələr üzrə direktoru Anara İsmayılova bildirib ki, "ASAN Xidmət" mərkəzlərinə müraciət etməklə mütəmadi qaydada istifadə olunmuş kağız və kağız məhsulları təhvil vermək mümkün olacaq: "Layihəmiz ilk olaraq Bakı şəhərində keçiriləcək. Fevralın 3-dən start götürən layihə martın sonuna kimi davam edəcək. Daha sonra Balaxanı poliqonunu yaşıllaşdırmaq niyyətindəyik. Bu səbəbdən layihənin sonunda ağac əkmə aksiyası keçiriləcək. Təhvil verilən hər 50 kq kağız tullantısı qarşılığında isə 1 ağacın əkilməsi planlaşdırılır. Statistika üzrə qalib gələn qurumları və fiziki şəxsləri ağac əkmə kampaniyasına dəvət edəcəyik".

Məlumat üçün bildirək ki, keçirilən aksiyada dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və özəl müəssisələrin iştirakı ilə kütləvi şəkildə kağız tullantılarının adı çəkilən mərkəzlərdə toplanılması baş tutub. Aksiyada həmçinin sadə vətəndaşlar da iştirak edib.

Qeyd edək ki, adıçəkilən layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə