“Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda toplantı keçirilib

“Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda toplantı keçirilib

Ombudsman yanında fəaliyyət göstərən Biznes və İnsan hüquqları üzrə İşçi Qrupun növbəti toplantısı "Uşaq hüquqları və biznes prinsipləri" mövzusuna həsr edilib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə cənab Mark Herevard, aidiyyəti dövlət qurumları və QHT-lərin nümayəndələri iştirak ediblər

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı İşçi qrupun üzvlərini, o cümlədən digər qonaqları salamlayıb, İşçi Qrupun məqsəd və vəzifələri, ötən ildə görülən işlər, qarşıda duran prioritet istiqamətlər, biznes və insan hüquqları sahəsində BMT səviyyəsində qəbul olunan sənədlər, o cümlədən, BMT-nin Qlobal Sazişı, BMT-nin İnsan Hüquqları Şurası tərəfindən təsdiq edilən Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri, Milli İnsan Hüquqları Təsisatlarının bu sahədə fəaliyyət istiqamətlərini müəyyən edən Edinburq Bəyannaməsi barədə ətraflı məlumat verib, Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında, 29 dekabr 2012-ci il tarixli "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında uşaq hüquqlarının müdafiəsi sahəsində mütərəqqi vəzifələrin nəzərdə tutulduğunu qeyd edib.

A.Səfixanlı uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın UNİCEF-lə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu, bu nüfuzlu qurumla birgə layihələrin həyata keçirildiyini vurğulayıb.

Tədbirdə M.Herevard "BMT-nin Uşaq Hüquqları və biznes prinsiplərinin şərhi" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, biznes strukturlarının öz fəaliyyətlərini həyata keçirməsi zamanı uşaqlarla qarşılıqlı əlaqədə olması və onların həyatına birbaşa və ya dolayı yolla təsir etməsi qaçılmazdır. Bu baxımdan, uşaqların hüquqlarına hörmətlə yanaşmaq və bu hüquqları dəstəkləmək, biznes qurumlarından eyni zamanda zərərin qarşısını almağı və fəal şəkildə uşaqların maraqlarının qorumasını tələb edir. Qonaq təmsil etdiyi qurum tərəfindən tərcümə olunaraq nəşr edilən "Uşaq Hüquqları və biznes prinsipləri" adlı sənədi tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu sənəddə əks olunan 10 prinsip barədə ətraflı məlumat verib.

Toplantıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri "Uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti" və "Yetkinlik yaşına çatmayanların əməyə cəlb olunması xüsusiyyətləri" mövzusunda məruzələr ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə