Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasının açılışı keçirilib

Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasının açılışı keçirilib

Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasının açılışı keçirilib. SİA-nın xəbərinə görə, keçən il 1 əsrə yaxın yaşı olan tikilidə yerləşən Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasının təmirinə başlanıb. Ümumi sahəsi 358,87 kv. m olan tikilinin çox köhnə və divarlarının xarici təsirlərdən aşınaraq ovulması ilə bağlı burada ilk növbədə bərkitmə-möhkəmləndirmə işləri aparılmış, mədəniyyət evi üçün əlavə otaq tikilmiş, binanın daxili hissəsi və dam örtüyü əsaslı təmir olunub.

Binadaxili işıq, su və digər xətlər yenilənib, zalda yeni otaracaqlar quraşdırılıb, səhnə qurulub, dərnəklərdə məşğul olanlar və işçilər üçün otaqlarda lazımi şərait yaradılıb. Mədəniyət evi lazımi texniki avadanlıq və ləvazimatlarla təmin olunub. Hazırda mədəniyyət evində 5 nəfər təcrübəli mədəniyyət işçisi çalışır. Mədəniyyət evində keçirilən müxtəlif tədbirlərə qəsəbə sakinləri eləcə də Səbail rayonunun 20-ci yaşayış sahəsi ərazisində yaşayan sakinlər dəvət olunur, mədəniyyət evinin kollektivi tərəfindən bu ərazidə yerləşən orta məktəblər və digər yerlərdə də səyyari mədən-kütləvi tədbirlər təşkil edirlər.

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı (Bibiheybət qəsəbə Kütləvi Kitabxanası) 1937-ci ildən fəaliyyət göstərir. Hazırda kitabxana 27 387 nüsxə kitab fonduna, 1783 nəfər oxucu sayına, 15 790 nüsxə kitab verilişinə malikdir. Kitabxanada oxuculara xidmət şöbəsi fəaliyyət göstərir. Əsaslı təmirdən sonra burada oxucular üçün lazımi şərait yaradılmış, yeni kitab rəfləri, stol və stullar, digər zəruri ləvazimatlar alınıb. Mədəniyyət evi və kitabxana üçün əvvəllər olmayan yeni isitilik sistemi quraşdırılıb, 1 ədəd su anbarı tikilib, yola asfalt salınıb, ətraf ərazilər abadlaşdırılıb.

SİA-nın xəbərinə görə, Səbail rayonu və Bibiheybət qəsəbəsinin ictimaiyyəti, qəsəbədəki orta məktəbin kollektivi, bələdiyyə üzvləri, ağsaqqalların iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qəsəbədəki Mədəniyyət evi və kitabxananın əsaslı təmiri ilə bağlı həyata keçirilən işlər barədə məlumat verərək qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğı nəticəsində Bibiheybət qəsəbəsində son illərdə bir sıra sosial yönümlü işlər həyata keçirilib.

İcra başçısı qəsəbənin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.

Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva ölkə rəhbəri İlham Əliyev tərəfindən imzalanmış Dövlət Proqramlarının icrası nəticəsində respublikamızın bütün bölgələrində, o cümlədən Bakı şəhərində yeni tikilən və ya əsaslı təmir olunan mədəniyyət ocaqları barədə məlumat verib, bu işlərin davam etdiriləcəyini bildirib.

Qonaqlar mədəniyyət evi və kitabxanada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub, işlərin keyfiyyətindən razı qalıblar.

Sonra Mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri üzvlərinin iştirakı ilə konsert proqramı nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə