Arzu Rəhimov: “Bir sıra gənclər hərbi tibbi komissiyadan keçərkən öz xəstəliklərini gizlətməyə cəhd edirlər”

Arzu Rəhimov: “Bir sıra gənclər hərbi tibbi komissiyadan keçərkən öz xəstəliklərini gizlətməyə cəhd edirlər”

"Ordu sıralarına çağırılan çağırışçılar və göndərilən əsgərlərin tam sağlam yola salınmasında hamıdan çox Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti maraqlıdır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, bir sıra gənclər hərbi tibbi komissiyadan keçərkən öz xəstəliklərini gizlətməyə cəhd edirlər: "Bu, onların ordu sıralarında xidmət etmək istəyindən irəli gəlir. Təkcə Müdafiə Nazirliyində deyil, ümumiyyətlə, bütün qoşun növlərində çağırışçılar qəbul olunan zaman fəaliyyət göstərən hərbi tibbi komissiyadan keçirlər".

A. Rəhimov bildirib ki, bütün qoşun növlərində bu istiqamətdə tədbirlər görülür və dərindən yoxlamalar aparılır, əgər onlarda xəstəlik aşkar olunsa, geri qaytarılırlar: "Çağırışçılar bir daha tibbi komissiyalara cəlb olunurlar və yenidən yoxlanıldıqdan sonra onlarda aşkar olunan xəstəliklərin müalicəsi üçün tədbirlər görülür və növbəti çağırışda əgər xidmətə yararlıdırsa, çağırışa cəlb olunur, hərbi hissələrə göndərilir və ya möhlət hüququna malikdirsə, ona möhlət hüququ verilir. Yəni bütün məqamlarda qanunvericiliyiə ciddi əməl olunur".

Açıqlaması zamanı A. Rəhimov qeyd edib ki, məktəblilərin hərbi çağırışa hazırlıq prosesləri üçün çox böyük və geniş işlər nəzərdə tutulur. Artıq bu işlərə başlanılıb: "Bir müddət orta məktəblərdə şagirdlər çağırışaqədərki hazırlıq fənnindən bir qədər kənarda qaldı: "Xidmət yarandıqdan sonra isə görülmüş tədbirlər nəticəsində birgə tədbirlər planı hazırlanıb Təhsil Nazirliyinə təqdim edilib və həmin plana uyğun işlər həyata keçiriləcək. İlk öncə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması prosesində aktiv iştirak etmək, onları ordu sıralarına hazırlıqlı vəziyyətdə göndərmək, onlarla keçirilən dərslərdə hərbi hissələrdə hərbi xidmət dövründə tələb olunan vərdişləri onlara aşılamaq, onların fiziki cəhətdən sağlam olmaları, bir əsgər kimi hərbi xidmətə hazır olmaları üçün müvafiq tədbirlər həyata keçirmək, kiçik mütəxəsislərin hazırlanmasına diqqət yetirmək tədbirləri qarşımızda durur və həyata keçirilir. Bu işə çox ciddi yanaşılır ki, artıq problem olmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə