YAP Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderlər2 gənc siyasətçilər üçün "Qış məktəbi" uğurla davam edir. Fevralın 12-də "Biz və sosial Media" mövzusunda treninq keçirildi. SİA-nın verdiyi məlumata görə, treninqin moderatoru YAP Gənclər Birliyinin layihələr üzrə koordinatoru Leyla Kərimova YAP Gənclər Birilyinin həyata keçirdiyi layihələrdən, gənclərin bu layihələrdə fəal iştirakından, yeni texnologiyalardan bəhrələnərək Azərbaycan reallıqlarının təbliği istiqamətində göstərdikləri səylərdən geniş bəhs edib.
Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva mövzu ilə bağlı fikirlərini açıqladılar. Bildirdilər ki, cəmiyyət inkişaf etdikcə insanların dünyagörüşü, baxışları, düşüncələri də dəyişir. İnternet istifadəçilərinin sayı günbəgün artır. Artıq həyatımızda "Sosial media" vardır.
"Sosial media" anlayışının mahiyyəti açıqlanaraq, qeyd olundu ki, bu, insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir.
Gənclər müzakirələrdə üç qrup şəklində iştirak edirdilər. Birinci qrupun kapitanı YAP Sumqayıt şəhər təşkilatının üzvü Amal Əsgərov, ikinci qrupun kapitanı YAP Yasamal rayon təşkilatının üzvü Əfqan Noçuyev, üçüncü qrupun kapitanı isə Binəqədi rayon təşkilatının üzvü Səlcuq Müzəffərov idi. Gənclər sosial media ilə bağlı fikirlərini açıqladı, sosial medianın nümunələrindən geniş bəhs etdilər. Bildirildi ki, xəbər saytları elə saytlardır ki, istifadəçilər həm oxuya və həm də münasibət bildirə bilirlər. İnformasiyanı bölüşmək və müzakirəyə çıxarmaq üçün də internet alətləri mövcuddur.
O da vurğulanıb ki, internet vasitəsi ilə informasiyanı dəqiq, tez və daha böyük kütləyə çatdırılması nəzərə alınaraq sosial şəbəkələr və elektron informasiya saytları yaradılmağa başladı. Sosial şəbəkələr (Facebook, Twitter və s.) fiziki dünyamızın virtual formasıdır. Ünsiyyət vasitələri heç bir xərc ödəmədən bütün dünya ilə canlı telefon bağlantısı, internet üzərindən görüntülü video konfranslardır. Elektron informasiya saytları artdıqca informasiyanın operativ və sürətli çatdırılmasına ehtiyac duyuldu, bununla da bloqlar yaradıldı. Bloqlar bir və ya bir neçə nəfər, birlik və ya təşkilatlar tərəfindən yaradıla bilər. Dünyanın hər hansı bir yerində olan bir yeniliyi daha tez çatdıran platformalar mikro bloqlardır. Bu platformalardan informasiyanı bir neçə cümlə ilə telefondan belə yayımlamaq olar.
YAP Yasamal rayon təşkilatının üzvü Həsən Hüseynzadə, YAP Sumqayıt şəhər təşkilatının üzvü Ülvi Allahverdi və digər gənclər sosial medianın əsas xüsusiyyətlərindən danışıblar. Sonra "Gəncəm, inkişafı sevirəm" - İnkişaf yolları, yanaşma tərzləri, fürsətlərin, zamanın dəyərləndirilməsi haqqında təlim keçirildi. Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva gənclərin inkişafına stimul verən əsas amillərdən bəhs etdilər. Bildirdilər ki, hər bir ölkənin gələcəyi gənclərin hərtərəfli inkişafı ilə bağlıdır.
Çıxışlarda dövlət başçısı İlham Əliyevin 2011-ci ildə keçirilən Gənclərin VI forumunun iştirakçılarına təbrik məktubunda söylədiyi bu fikirlər bir daha diqqətə çatdırıldı: "Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir". İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.
YAP Gənclər Birliyi Mərkəzi ofisinin təşkilati işlər üzrə koordinatoru Elmar Məmmədov bildirib ki, ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Təbii ki, dövlət gənclər siyasəti dedikdə də gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. YAP Gənclər Birliyinin təşkil etdiyi "Qış məktəbi" layihəsi də gənclərə bu kimi imkanlar yaradır. Kompleks tədbirlər gənclərin hərtərəfli inkişafını yüksək səviyyədə təmin edir, gələcəyə daha inamla baxmaları üçün stimulverici amil rolunu oynayır.
"Qış məktəbi"nin üçüncü günü çərçivəsində keçirilən "Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları" mövzusunda seminarda YAP Gənclər Birliyinin əməkdaşı Şamo Əliyev sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydalarından danışıb. Təqdimatda şəbəkədən düzgün istifadə olunmadıqda yaranan təhlükələrdən maksimum müdafiə üsulları nümayiş etdirilib.
"Qış məktəbi"nin üçüncü günündə müxtəlif növ idman yarışları da təşkil olunub.
Gənclər "Qış məktəbi"nin onlara verdiyi biliklərdən, təcrübədən, təqdimat üçün seçilən mövzulardan məmnunluqlarını ifadə ediblər. Bildiriblər ki, ölkə reallıqlarının içərisində olan və bu gerçəklikləri vətəndaşlıq təəssübkeşliyi baxımından dəyərləndirməyi bacaran hər kəs Azərbaycanın uğurlarından qürur duymalıdır. Son 10 ildə Azərbaycanın qazandığı uğurların miqyasının genişliyinə diqqət yetirsək, həyata keçirilən siyasətin möhkəm təmələ əsaslandığının bir daha şahidi olarıq.
Diskussiya şəklində davam edən təlimlərdə bir daha qeyd olunub ki, ölkəmizin uğurları davamlıdır və bunun şərtləndirən əsas amil düşünülmüş və məqsədyönlü siyasətdir. Gənclər bu siyasətə dəstəklərini biliklərini artırmaq, təcrübələrini təkmilləşdirmək və müxtəlif sahələrdə tətbiq etməklə təsdiqləməyə çalışırlar.
Ceyhun Piriyev, "İki sahil", Oğuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB