Nazir müavini: “Gənclərimizin müəyyən cərəyanlara uyması dövlətçiliyimizə uyğun deyil” MÜNASİBƏT

Nazir müavini: “Gənclərimizin müəyyən cərəyanlara uyması dövlətçiliyimizə uyğun deyil” MÜNASİBƏT

"Çox təəssüf ki, bu gün bəzi gənclər müəyyən cərəyanlara uyaraq aldadıcı təbliğat nəticəsində müxtəlif adlar altında Suriyada gedən proseslərə qoşulurlar. Düşünürəm ki, bu addım dövlətçiliyimizə uyğun olmamaqla yanaşı, milli maraqlara cavab vermir". Bu sözləri SİA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, Suriyada həlak olan gənclərə "Şəhid" adı verilməsi düzgün deyil: "Ona görə ki, şəhidlik zirvəsinə iki halda ucalmaq olar. Yalnız vətən və din uğurunda ölənlər şəhid adlanırlar. Gənclərimizin aldadıcı ideologiyaya uyaraq Suriyada həlak olması dini baxımdan da düzgün sayılmır. Çünki, orada müsəlman müsəlmana güllə atır. Suriyada muzdlu insanların sırasında dayanmaq Azərbaycan gəncinin adını ucaltmayan hərəkətlərdir. Mənim bu cür gənclərə tövsiyəm ondan ibarətdir ki, onlar Suriyada gedib həlak olunca, Azərbaycanda qalıb Ali Baş Komandanın əmrini gözləsinlər. Onlar canlarını Suriya yolunda deyil, lazım gəldikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda verməyə hazır olsunlar. O zaman hər bir insan şəhidlik zirvəsinə çata bilər".

Gənclərimizin bu cür cərəyanlara uymaması istiqamətində görülən işlərə gəldikdə, nazir müavini bildirib ki, istər Gənclər və İdman Nazirliyi, istərsə də digər dövlət qurumlarının əsas vəzifəsi milli-mənəvi dəyərlərimizin gənclər arasında düzgün təbliğ etməkdən ibarət olmalıdır: "Bilirsiniz ki, ölkəmizdə dini qurumların fəaliyyətinə nəzarət edən komitə var ki, onlar da bu sahə ilə bağlı öz işlərini aparırlar. Biz GİN olaraq hər zaman keçirdiyimiz layihə və tədbirlərdə Azərbaycanın adət-ənənələrini, milli-mənəvi dəyərləri gənclərimizə çatdırmağa çalışırıq və düzgün maarifləndirilmə işlərini aparılmasına xüsusi önəm veririk. Xüsusilə də müasir texnologiyadan, sosial şəbəkələrdən istifadə edərək gənclərimiz arasında düzgün məsafəni, baxışları təbliğ etməyə çalışırıq. Bu işlər daha da gücləndirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə