Yeni tikilən binalar zəlzələyə davamlıdırmı? AÇIQLAMA

Yeni tikilən binalar zəlzələyə davamlıdırmı? AÇIQLAMA

"Son dövrlər ölkəmizdə tikilən binaların zəlzələyə davamsız olması ilə bağlı səslənən fikirlər tamamilə səhvdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev deyib.

Onun sözlərinə görə, binanın nə dərəcədə zəlzələyə davamlı olub olmamasını müəyyən etmək üçün onun tikinti texnologiyasına baxmaq lazımdır: "Ölkəmizdə binalar tikiləndə ilk növbədə torpaq, yəni həmin ərazinin geologiyası öyrənilir və ona uyğun olaraq da müvafiq layihə hazırlanır. Layihədə bir çox tələblərlə yanaşı, həmin binanın texniki dayanıqlığı da nəzərə alınır. Texniki dayanıqlığa insan fəaliyyəti ilə yanaşı, təbii dayanıqlıq da daxildir. Təbii dayanaqlıqda daha çox nəzərə alınan amil seysmoloji təsirdir. Bilirsiniz ki, ölkəmizdə hər bir bölgənin özünəməxsus seysmoloji bağlılıq norması var. Misal üçün Bakı şəhərində 8, Şamaxıda 9 baldır. Layihə hazırlandıqda bu məsələlər mütləq nəzərə alınır. Hazırlanan layihə Dövlət Ekspertiza Komissiyasına təqdim edilir, komissiya müsbət rəy verdikdən sonra ərazi hansı rayona aiddirsə, həmin rayonun icra hakimiyyəti binanın tikintisinə icazə verir. Yalnız bu proseslərdən sonra binanın tikintisinə başlanılır. Ola bilər ki, özündən arxayın inşaatçı binanı tikərkən layihədən kənara çıxa bilər. Lakin bu çox təhlükəlidir və həmin inşaatçı məsuliyyətə cəlb oluna bilər. Ümumən isə yeni binaların zəlzələyə davamlı olmadığını söyləmək düzgün olmaz. Əgər binanın layihəsi komissiya tərəfindən qəbul olunubsa, demək ki, həmin binalarda yaşamaq təhlükəli deyil. Çox təəssüf ki, bir çox insanlar yeni binalarda yaşamaqdan çəkinirlər. Lakin bunun üçün heç bir əsas yoxdur. Ona görə ki, ölkəmizdə tikilən yeni binalarda xof yaradan mühit yoxdur".

C. Qocayev həmçinin bildirib ki, ölkəmizdə seysmoloji normalar 1960-cı illərdən tətbiq olunmağa başlayıb: "O zamana qədər ölkədə belə normalar yox idi. 2010 -cu ildə ölkəmizdə baş verən zəlzələ göstərdi ki, Azərbaycanda binalar etibarlılıq əmsalına malikdir. Çünki, heç bir binada ciddi deformasiya olmadı. Yalnız qədim tikililərin bəzilərində müəyyən çatlar əmələ gəldi ki, onların da layihə əsasında möhkəmləndirilməsi təmin olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə