OĞLAQLAR bu həftə məsuliyyətdən uzaq qaçmalıdırlar. Bu və ya digər addımı atmaq üçün imkanlarınızı düzgün hesablamağa çalışın. Yaranmış vəziyyət sizdən qənaətcil olmağı tələb edir. Pul kisənizi nəzarətdə saxlayın. Məişət zəminində kiçik münaqişələr ola bilər. Həftə sonu hamı ilə dil tapıb yaxınlarınızın könlünü ala biləcəksiniz.
DOLÇALAR yavaş-yavaş öz ətraflarına əl gəzdirməyə başlayacaqlar. Bu, həm arzularınıza, həm də yaranmış vəziyyətə uyğun olacaqdır. İndi ətrafınızda təsadüfi adamlara yer olmamalıdır. Bu həftə sizi xidməti yüksəliş və faydalı işgüzar əlaqələr gözləyir. Amma insanların başına ağıl qoymaq fikrindən vaz keçməyə, onların fikirlərinə hörmətlə yanaşmağa çalışmalısınız.
BALIQLAR bu həftə özlərini bütünlüklə işə həsr etməli, rəhbərliklə münasibətləri daha da möhkəmləndirməlidirlər, çünki yaxın perspektiv üçün bütün uğurlarınız məhz işləmək əzminizdən və diplomatik bacarığınızdan asılı olacaqdır. İstəsəniz də, istəməsəniz də başqalarının da məsuliyyətini öz üzərinizə götürməli olacaqsınız. İndi sizin üçün əsas məsələ lüzumsuz təlaş hissindən uzaq olmaqdır.
QOÇLAR həm həyati əhəmiyyətli məsələləri, həm də xırda-para problemləri eyni müvəffəqiyyətlə həll edəcəklər. Lakin ehtiyatlı olun, çünki sizi maraqlandıran sahədə rəqibləriniz ortaya çıxa bilər. Nə olursa-olsun, açıq münaqişəyə gedib, münasibətləri aydınlaşdırmağa çalışmayın. Yadda saxlayın ki, ən güclü cəhətləriniz təmkinli və müdrik olmağınızdır. İndiki halda yaxşı müharibədənsə, yarıtmaz sülh daha məqsədəuyğundur.
BUĞALAR bu günlər dağı dağ üstə qoymaq iqtidarında olacaqlar. İstənilən işin öhdəsindən gələ biləcəksiniz. Gördüyünüz iş, çox güman, yaradıcı olacaq və gözəl nəticələr verəcəkdir. Bu həftə köməyinizə və məsləhətinizə ehtiyacı olan adamlar qapınızı döyəcəklər. Onlara düzgün məsləhət verməyə çalışın, axı, insanlar sizə böyük ümidlər bəsləyirlər.
ƏKİZLƏR çoxdan ümid bəslədikləri vəzifə yüksəlişinə indi nail ola bilərlər. Hadisələrin uğurlu gedişatı karyera yüksəlişinə və işlə bağlı bütün problemlərin həllinə kömək edəcəkdir. Cəsarətlə hərəkətə keçməlisiniz. İndi əlinizi dizinizin üstünə qoymaq vaxtı deyildir. Əlinizə elə bir fürsət düşüb ki, ondan istifadə etməmək ağılsızlıq olar. Bu, sizə işgüzarlığınızı xəyal edə bilməyəcəyiniz zirvəyə qaldırmaq imkanı verəcəkdir.
XƏRÇƏNGLƏR bu həftə hətta ən inadkar adamlarla dil tapa biləcəklər. Bu, lap yerinə düşəcək, çünki rəqiblərlə çox danışmalı olacaqsınız. Onlarla əlaqə saxlamağa davam edin. Bunun üçün son dərəcə əlverişli şərait yaranıbdır. Bu həftə perspektiv planlarınızı yeniləndirmək baxımından da uğurludur.
ŞİRLƏR bütün işlərində misli görünməmiş nəticələrə nail olacaqdır. Siz yumşaq diplomatik xüsusiyyətlərinizi məqsədyönlülüyünüzlə uyğunlaşdıra biləcəksiniz. Onda heç bir müşkül məsələ qarşınızda duruş gətirə bilməyəcəkdir. Nəticədə hətta professional durumunuzu möhkəmləndirə biləcəksiniz. Siz əhəmiyyətli layihələr həyata keçirmək, insanların və rəhbərliyin rəğbətini qazanmaq iqtidarındasınız.
QIZLAR vəzifələrinin icrasına vicdanla yanaşdıqlarına görə onları maddi mükafatlandırma gözləyir. Son aylar yorulmaq bilmədən çalışmağınız lazımi şəxslər tərəfindən layiqincə qiymətləndiriləcəkdir. Sanballı pul mükafatı bunu təsdiq edəcəkdir. Beyniniz yeni ideya və planlarla doludur. Bu həftə onları həyata keçirmək üçün münasibdir. Öz gücünüzə və imkanlarınıza inam hissini itirməyin, onda bütün işləriniz yağ kimi gedəcəkdir.
TƏRƏZİLƏRƏ düşmənlərini müttəfiqə çevirmək şansı veriləcəkdir. Başa düşəcəksiniz ki, dostlarınızla mübahisə edərkən əndazəni aşmısınız. Odur ki, fikir ayrılıqlarına yaradıcı yanaşıb münaqişəni yoluna qoymağa çalışmalısınız. İnsanları pisləməkdən, onları tənqid etməkdən çəkinməlisiniz. Camaat qarşısında çıxış edə bilərsiniz. Bu, yaxşı haldır, çünki həmin çıxış gələcəkdə uğur qazanmağınızda böyük rol oynayacaqdır.
ƏQRƏBLƏR, qar yığını kimi artan işlərinizi təxirə salmayın. Onları bu həftə həll etməyə çalışın. Necə deyərlər, əldən qalan, əlli il qalar. Dəmiri isti-isti döyməsən, heç nə əldə edə bilməzsən. Müqavilə və saziş imzalamaq üçün əlverişli zaman başlayır. Uğur qazanmaq üçün elementar qaydalara riayət etməlisiniz. Tələsməyin və gözləmə mövqeyi tutun.
OXATANLAR bütün problemlərini həll edəcəklər. Rəhbərlik yaxın gələcək üçün planlarınızı bəyənəcəkdir. Diqqət mərkəzində ola bilərsiniz. İnsanlar prinsipial məsələlərə dair fikrinizi öyrənmək üçün sizinlə görüşməyə çalışacaqlar. Daşınmaz əmlakla bağlı məsələlərin həlli də sizi bu həftə sevindirəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB