Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar Təbrizin "Beynəlxalq İpək Yolu" restoranında "Naxçıvan Muxtar Respublikası-90" adlı konfrans və rəsmi qəbul keçirilib. SİA-nın verdiyi məlumata görə, yubiley tədbirlərinin açılış mərasimində Azərbaycan və İranın dövlət himnləri səsləndirilib, tədbirlərin keçirilməsi məqsədi haqqında aparıcı tərəfindən iştirakçılara məlumat verilib.
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə konfrasda məruzə ilə çıxış edərək, Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixinin mühüm əhəmmiyyətli hadisəsi olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərancam imzaladığını bildirib. Əli Əlizadə, Naxçıvanın tarixən keçdiyi cətin sınaqlarla dolu mürəkkəb və şərəfli yoldan söz açıb, 1918-24 illərdə ermənilərin Azərbaycan əhalisinə, o cümlədən naxçıvanlılara qarşı davam etdirdiyi soyqırımları, Naxçıvan diyarının Ermənistana ilhaq edilməsi cəhdləri, Azərbaycanın qədim diyarı olan Naxçıvanda muxtar respublikanın yaradılmasının tarixi-siyasi əsasları və əhəmiyyəti, Moskva və Qars müqavilələri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli qərarı haqqında iştirakçılara məlumat verib.
Baş konsul Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-93-cü illərdə Naxçıvanda yaşayıb işləməsinin Naxçıvanın bugünkü mövcudluğuna və inkişafına şərait yaratdığını, Naxçıvanda işlədiyi dövrdə onun təşəbbüsü ilə qəbul olunan bir sıra qərarların sonradan Azərbaycanın da müstəqilliyinin qorunub saxlanılmasında, Azərbaycanın çiçəklənməsində əvəzsiz rola malik olduğunu qeyd etmişdir. Baş konsul Heydər Əliyevin Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işlədiyi dövrdə əsasını qoyduğu Azərbaycan-İran əlaqələrindən, hər iki ölkənin rəhbərlərinin iradələri ilə bu əlaqələrin hazırkı inkişafından və Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikasının sərhəd vilayətləri ilə əməkdaşlığından da söhbət açıb.
Daha sonra konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitunun direktoru, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli çıxış edib, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn məsələlərin icrası haqqında məlumat vermiş, Naxçıvan Muxtar Respublikasının yaradılması tarixinə nəzər salaraq Naxçıvan əhalisinin erməni daşnakları ilə mübarizəsi, bir sıra xarici güclərin himayəsi ilə Azərbaycanın İrəvan, Zəngəzur kimi tarixi yurdlarının Ermənistana birləşdirilməsindən, bu planlar çərçivəsində Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın hazırkı blokada vəziyyətinə salınmasından, muxtar respublikanın yaradılmasının tarixi-siyasi əsaslarından, ümummilli lider H.Əliyevin Naxçıvandakı həyat və fəaliyyətindən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İranla səmərəli əlaqələrindən söhbət açıb .
Konfransda həmçinin, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Seyid Əhməd Neməti də çıxış edərək İranın Azərbaycanla olan tarixi, mədəni, dini və digər ortaqlıqlarından, Azərbaycan Respublikasının müstəqilliyini yenidən əldə etdikdən sonra İran tərəfindən tez bir zamanda rəsmi olaraq tanınmasından, İran İslam Respublikasının hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bəyan etməsindən, İranın Azərbaycan Respublikası ilə, xüsusilə də İran və onun Şərqi Azərbaycan Vilayətinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıqlarından bəhs etmiş, yubileylə bağlı təbriklərini çatdırıb.
Çıxışlardan sonra "Naxçıvan: İnkişafın qürur doğuran səhifələri" adlı film də nümayiş olunmuşdur. Konfrans başa çatdıqdan sonra isə, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi ilə əlaqədar rəsmi qəbul təşkil edilmişdir. Rəsmi qəbulda "5000 ilin Naxçıvanı" adlı videoçarx nümayiş olunub, Azərbaycan xalq mahnıları və musiqiləri səsləndirilmiş, iştirakçılar zəngin mətbəximizin yeməkləri və şirniyyatlarına qonaq ediliblər.
Konfransda İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan valiliyinin aparatının rəhbəri və vilayətin bəzi digər orqanlarının rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğun əməkdaşları, şəhər ictimaiyyətin nümayəndələri, eləcə də Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər. Yubiley tədbirləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB