Daşkəsəndə hesabat yığıncağı keçirilib FOTO

Daşkəsəndə hesabat yığıncağı keçirilib FOTO

Daşkəsən rayonunda 2013-cü ilin yekunları və 2014-cü il də qarşıya qoyulan vəzifələrə dair hesabat yığıncağı keçirilib. SİA-nın xəbərinə görə, hesabat yığıncağından öncə Daşkəsən rayon Statistika İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib.

Açılış mərasimində rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev, millət vəkilləri və bir sıra rəsmi şəxslər iştirak edib. Çıxış edənlər respublikamızda, o cümlədən də dağ rayonu olan Daşkəsəndə həyata keçirilən irimiqyaslı layihələrdən danışıblar.

Rəsmi hissədən sonra yeni inzibati bina ilə tanışlıq olub. Əvvəllər uyğunlaşdırılan binada yerləşən kollektiv indi öz fəaliyyətlərini müasir tələblərə cavab verən binada davam etdirəcəklər. İki mərtəbəli binada normal fəaliyyət bütün zəruri imkanlar yaradılıb. Əməkdaşlar burada informasiya kommunikasiya texnologiyaları ilə tam təchiz edilib. Bina ilə tanış olan rayon rəhbərliyi və millət vəkilləri imkanları yüksək qiymətləndiriblər.

Ardından isə İcra Hakimiyyəti Aparatında hesabat yığıncağı öz işinə başlayıb. Bildirilib ki, Daşkəsəndə 2013-cü il üçün qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilib. 2012-ci illə müqayisədə hesabat ilində iqtisadiyyatın əsas sahələrində 33 faiz artım müşahidə olunub. 27 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. 4 kənddə yeni məktəb binaları istifadəyə verilib. Rayonda Yeni Daşkəsən layihəsinin icrası davam etdirilir. Layihəyə uyğun olaraq rayon icra hakimiyyəti üçün yeni inzibati bina və şəhər avtovağzalı tikilib.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qazanılan uğurlar təhlil olunub. Qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.

İcra Aparatının rəhbəri Əhəd Abıyev qeyd edib ki, bütün bunlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətin bariz nümunəsidir: "Bu gün Daşkəsəndə geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Son bir ildə rayonda bir sıra tikinti təmir-bərpa işləri həyata keçirilib. Dövlət başçısı Daşkəsən rayonunun sosial iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində əlavə sərəncam imzalayıb. Bu gün qürur hissi ilə deyə bilərik ki, prezident İlham Əliyevin tapşırığı əsasında Daşkəsəndə davamlı inkişaf üçün layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Rayonda bütün kateqoriyadan olan vətəndaşlarımız üçün hər cür imkan yaradılır və insanların həyat şəraiti ildən-ilə yaxşılaşdırılır. Bütün bu uğurlara baxmayaraq, qarşımızda olduqca böyük vəzifələr durur".

Hesabat məruzəsində digər natiqlər də çıxış edərək, əldə olunan uğurlu nailiyyətlərdən söz açıb, qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi istiqamətində bundan sonra da lazımı addımların atılacağına əminlik ifadə ediblər.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə