Ötən il gənclər sahəsinə 245 milyon vəsait ayrılıb

Ötən il gənclər sahəsinə 245 milyon vəsait ayrılıb

"Azərbaycanda yeni nəsil formalaşır ki, onlar ölkəmizi həm daxildə, həm də ölkədən kənarda layiqli şəkildə təmsil edirlər". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 10 ildə gənclər sahəsinə qoyulan investisiyanın həcmi 100-dəfədən çox artıb: "2003-cü ildə gənclər Proqramının icrasına 245 min manat məbləğində pul ayrılırdısa, ötən il bu rəqəm 245 milyondan artıq olub. Azərbaycanda gənclər sahəsini əhatə edən qeyri-hökumət təşkilatları da var ki, onların sayı 250-yə çatıb. Ötən il nazirlik tərəfindən gənclər təşkilatlarına 5 milyon manat vəsait ayrılıb ki, bu da Avropa Gənclər Forumunun gənclər təşkilatlarının layihələrinin maaliyyələşdirilməsinə ayırdığı vəsaitdən çoxdur. Belə ki, Avropa Gənclər Forumu 2013-cü ildə bu məqsədlə cəmi 3 milyon dollar ayırıb. Digər tərəfdən, biz hər il 4-5 min gənc üçün Azərbaycanın müxtəlif məkanlarında düşərgələr təşkil edirik. Azərbaycanda 6 500-dən artıq tarixi abidə var. Bu düşərgələr gənclərimizin zəngin qədim tarixi irsi öyrənməsi üçün təşkil olunur".

Nazir müavini idman sahəsində əldə olunan uğurlardan danışıb: "2003-2013-cü illərdə ölkəmiz 6 min medal qazanıb. 2012-ci ildə 30-cu London Olimpiya Oyunlarında ölkəmiz 10 medal qazanıb. Medal sayına görə, Azərbaycan ölkələr arasında 24 , keyfiyyətə görə 30, müsəlman ölkələri arasında isə 2-ci yeri aldı. Bu, ölkəmiz üçün çox böyük uğur idi".

Bütün xəbərlər Facebook səhifəmizdə