VIII Möcüzə –“Liderlik Məktəbi”nin açılış mərasimi baş tutub

VIII Möcüzə –“Liderlik Məktəbi”nin açılış mərasimi baş tutub

10 fevral tarixində Tovuz şəhərində yerləşən "Ayan Palace" hotelində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10-16 fevral tarixlərində həyata keçiriləcək VIII Möcüzə –"Liderlik Məktəbi"nin açılış mərasimi baş tutub. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, açılış mərasimində ATGTİ-nin sədri Şahin İsmayilov, Tovuz rayon İcra Başçısının müavini Təranə Bayramova, Tovuz rayon Gənclər və İdman idarəsinin sədri Sahib Ələsgərov iştirak edib.

Açılış nitqi ilə çıxış edən Şahin İsmayilov iştirakçıları və qonaqları layihə barəsində məlumatlandırıb. O qeyd edib ki, ATGTİ artıq 8-ci dəfədir ki, bu layihəni həyata keçirir: "Tovuzun layihənin keçirilməsi üçün xüsusi ilə seçilməsinin səbəbi son zamanlar Tovuzla sərhəd bölgədə gərginliyin yaşanmasıdır və layihə çərçivəsində hərbi hissələrə də səfər olacağı nəzərdə tutulub".

Daha sonra Təranə Bayramova layihə iştirakçılarına və layihəyə uğurlar arzuladı və öz xoş sözlərini dedi.

Sonda Sahib Ələsgərov Tovuz rayonunda həyata keçirilən gənclər siyasətindən və bu sahədə görülən işlərdən söz açıb.

Layihə iştirakçıları Şahdəniz, Günəşli, Çıraq, Ümid olmaqla 4 komandaya bölünüb. Bu layihə ərzində seçilmiş adlar isə heç də təsadüfi olmayıb, Cənab Prezident tərəfindən elan olunmuş 2014 cü il, sənaye ili ilə bağlıdır.

Xatırladaq ki, indiyə kimi ATGTİ Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, və Xaçmaz regionlarda liderlik məktəbi keçirib və bu liderlik məktəblərində 700-dən çox tələbə iştirak edib. Həyata keçirilən son VII Liderlik Məktəbi-Nəqşicahan isə digərlərindən fərqli olaraq Naxçıvanda keçirilib. Bu layihə Naxçıvanda baş tutan ən böyük layihələrdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə