“Türkmənçay müqaviləsinin ən ağır şərti ermənilərin Azərbaycana köçürülməsi idi” MÜSAHİBƏ

“Türkmənçay müqaviləsinin ən ağır şərti ermənilərin Azərbaycana köçürülməsi idi” MÜSAHİBƏ

Azərbaycan Pedeqoji Universitetinin tarix üzrə fəlsəfə doktoru Nazir Əsədovun SİA-ya müsahibəsi

- Bu gün Türkmənçay sülh müqaviləsinin il dönümüdür. Bu tarix barədə nə deyə bilərsiniz?

- Türkmənçay müqaviləsi Azərbaycan tarixində önəmli hadisədir. Bu müqavilə ilə Azərbaycan ərazilərinin Çar Rusiyası və İran tərəfindən bölüşdürülməsinin əsası qoyulub. Çar Rusiyası o zaman Qafqaza ciddi meyl göstərirdi və XVIII əsrin sonlarından başlayaraq bu maraq daha da artdı. Bu marağın arxasında Cənubi Qafqaza yiyələnmək, Xəzər dənizində özünə mövqe tutmaq və gələcəkdə Mərkəzi Asiyaya doğru irəliləmək idi. Rusiya bu arzusuna çatmaq üçün ilk növbədə Azərbaycan ərazilərini zəbt etməli idi. XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycana müdaxiləsi üçün əlverişli tarixi şərait yarandı, nəticədə 1828-ci ildə İran məcbur olub Çar Rusiyası ilə çox ağır şərtlərlə müqavilə bağladı. Türkmənçay müqaviləsi 15 maddədən ibarətdir. Lakin onun ən ağır şərti Azərbaycanın rəsmi şəkildə iki yerə bölünməsi idi. Arazdan Şimalda olan ərazilər Rusiyanın tabeliyində, cənubda olan xanlıqlar isə İranda qalırdı.

- Azərbaycanın parçanlanmasına səbəb olan bu sənəd Rusiya- İran birliyinin Azərbaycana qarşı məkrli siyasətini özündə ehtiva edir deyə bilərikmi?

- Əslində, o zaman Azərbaycan xalqı haqqında düşünən yox idi. Baş verənlər iki dövlət arasında gedən proses idi. Amma dərinliyinə varsaq, prosesin o biri tərəfində görürük ki, 30 milyonluq Azərbaycan xalqını ikiyə parçalamağın arxasında həm çar hökumətinin, həm də İran şahının marağı vardı. Onlardan əlavə ölkəmizin parçalanmasında xarici, o cümlədən Avropa qüvvələrinin də maraqları var idi. Maraq olmasaydı, Azərbaycan iki yerə parçalanmazdı. O zaman tarixi siyasi vəziyyət heç də Azərbaycanın xeyrinə deyildi. Azərbaycanın daxilində proseslər o qədər də ürəkaçan deyildi. Hətta ölkə daxilində xanlıqların bəziləri Rusiya mövqeyini tuturdu. Bütün bunların da nəticəsi Türkmənçay müqaviləsinin imzalanmasına səbəb oldu. Burada ən ağır şərt ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi idi. Həmin köçürmə nəticəsində də erməni mənsubiyyətli insanların sayı artırıldı. Yerlərin adlarını özünküləşdirməyə başladılar. Sonradan məlum oldu ki, həmin adlar qurma adlardır və tarixən o ərazilərdə erməni yaşamayıb.

- Sözügedən müqavilənin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

- Bu, həqiqətən də çox böyük beynəlxalq problemdir. Hazırda dünyada elə xalqlar var ki, onlar bir xalqdan ibarətdir, amma iki dövlətdə yaşayırlar. Koreyanı, Almaniyanı buna misal göstərmək olar. Dünyada eyni dinə, eyni kökə mənsub olan xalqların parçalanması məsələsi hər zaman olub və indidə var. Düşünürəm ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu bir dövrdə bu məsələnin gündəmə gəlməsi doğru olmaz. Bu məsələləri zamanın öhdəsinə buraxsaq, daha yaxşı olar. Tələsmək lazım deyil.

- Tarixi ədalətsizliyin bərpası üçün beynəlxalq təşkilatların dəstəyinə zərurət olduğunu deyə bilərikmi?

- Əlbəttə, məsələ ilə bağlı beynəxlaq təşkilatlara da söz deyə bilərik. BMT-nin bu məsələyə münasibəti ciddi ola bilər. Amma hər halda bütün çətinliklər bu ərazidə yaşayan insanların üzərinə düşür. Əgər iki tərəf müəyyən razılığa gəlirsə, o zaman yenidən Azəraycan birləşə bilər. Lakin bu, ciddi məsələdir. Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların ikili standarlardan çıxış etdiyini görürük. Mənə elə gəlir ki, bu məsələ beynəlxalq təşkilatların nə bu gün, nə də sonrakı planında yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə