“Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında”

“Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında”

İtaliyanın Berqamo şəhərinin meriyasında professor Mixail Talalayın müəllifi olduğu, "Sandro Teti" nəşriyyat evində çapdan çıxan "Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında" kitabının təqdimatı keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyinin, "Sandro Teti" nəşriyyat evinin və Berqamo şəhər meriyasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə bu ölkənin elm və işgüzar dairələrinin nümayəndələri və KİV-lərin təmsilçiləri iştirak ediblər.

Kitabda İkinci Dünya müharibəsi illərində İtaliya müqavimət hərəkatında iştirak etmiş azərbaycanlılardan bəhs olunur.

"Sandro Teti" nəşriyyat evinin təsisçisi Domeniko Sandro Tetinin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Berqamo şəhərinin meri Franko Tentorio belə bir nəşrin dərc edilməsinin xalqlarımız arasında münasibətlərə mühüm töhfə verəcəyini vurğulayıb. Qeyd edib ki, kitabın təqdimatının Berqamo şəhərində keçirilməsi xüsusi önəm kəsb edir. Çünki İtaliyanın azad olunması uğrunda gedən mübarizədə iştirak edərək böyük şücaət göstərən yüzlərlə azərbaycanlı bu ölkənin digər bölgələri ilə yanaşı, Berqamo şəhəri yaxınlığında da partizan dəstələrinə daxil olub.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov təşkilatçılara minnətdarlığını ifadə edib, belə bir kitabın nəşrinin ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlərə mühüm töhfə verəcəyinə əminliyini bildirib. Diqqətə çatdırıb ki, iki ölkə arasında dərin tarixi köklərə əsaslanan əlaqələr mövcuddur.

"Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında" kitabının öz həyatları bahasına gələcək nəsillərin firavanlığı uğrunda döyüşən azərbaycanlılar haqqında önəmli əsər olduğunu deyən səfir müharibə illərində 300 minə yaxın soydaşımızın həyatını itirdiyini diqqətə çatdırıb. Bildirib ki, bir çox azərbaycanlı döyüşlərdə göstərdiyi şücaətə görə medallarla təltif edilib, xeyli sayda soydaşımız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Qeyd edilib ki, azərbaycanlılar partizan hərəkatının fəal iştirakçıları olublar. Bu baxımdan İtaliya müqavimət hərəkatının partizanı Əli Babayevi xatırlamaq yerinə düşərdi. O, göstərdiyi qəhrəmanlığa görə İtaliyanın "hərbi şücaətinə görə" medalı ilə təltif edilib.

Nəşrin müəllifi Mixail Talalay çıxış edərək bildirib ki, 1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyanın Triyest şəhərinə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri arasında xeyli azərbaycanlı var idi. Onların əksəriyyəti 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, bəziləri isə Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçiblər. Həmin dövrə aid müxtəlif fotoları və arxiv sənədlərini özündə əks etdirən nəşrdə azərbaycanlı partizanların qəhrəmanlıqlarından danışılır.

Mixail Talalay diqqətə çatdırıb ki, İkinci Dünya müharibəsinin ilk günlərində 40 mindən artıq azərbaycanlı könüllü olaraq cəbhə xəttinə yollanıb. Müharibə zamanı sovet qoşunlarının yanacağa tələbatının 70 faizini məhz Azərbaycan təmin edib. Faşizm üzərində qələbənin təmin edilməsində Azərbaycanın müstəsna rolu olub.

Tədbirdə çıxış edən Domeniko Sandro Teti bildirib ki, kitab Azərbaycan və İtaliya gənclərinə vətənpərvərlik ruhunun aşılanması baxımından dəyərli məlumatları özündə əks etdirir.

Berqamo Universitetinin xarici dillər departamentinin professoru Uqo Persi, İtaliya Partizanlarının Milli Assosiasiyasının (ANPİ) Berqamo üzrə komitəsinin vitse-prezidenti xanım Ornella Ravalia, Monte di Nese qəsəbəsinin merinin müavini Doriano Bendotti və azərbaycanlı döyüşçülərlə çiyin-çiyinə vuruşmuş partizan Gina Neqrininin qızı Flavia Valentini çıxış edərək azərbaycanlıların İtaliyanın azad olunması uğrunda göstərdikləri hünəri yüksək qiymətləndiriblər. Bildiriblər ki, kitabın nəşri italiyalı gənclərin müvafiq mövzu haqqında məlumatlandırılması baxımından önəmli addımdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə