“Çox təəssüf ki, öz mənafeyini güdən insanlar gənclərin təcrübəsizliyindən istifadə edirlər” MÜSAHİBƏ

“Çox təəssüf ki, öz mənafeyini güdən insanlar gənclərin təcrübəsizliyindən istifadə edirlər” MÜSAHİBƏ

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, prezident mükafatçısı Şahin İsmayılovun SİA-ya müsahibəsi:

- Azərbaycan gənclərinin ictimai-siyasi proseslərdə fəallığını qənaətbəxş hesab etmək olarmı?

- Dünya üzrə ümumi statistik rəqəmlərə nəzər salsaq, gənclərin ictimai siyasi aktivliyi 12 faiz təşkil edir. Azərbaycanda sorğular əsasında aparılan tədqiqatlara görə, ölkə gənclərinin təqribən 20-22 faizi ictimai- siyasi proseslərdə aktiv rol oynanır. Bu da dünya orta göstəricisindən təqribən 2 dəfə çoxdur. Bu rəqəm Azərbaycan gənclərinin ictimai- siyasi proseslərdə aktiv rola malik olduğunu deməyə əsas verir. Gənclər istər fərdi, istər müxtəlif təşkilatlar, istərsə də partiyalar daxilində öz aktivliklərini nümayiş etdirirlər. Bu çox yaxşı haldır. Gənclərin cəmiyyətə inteqrasiya olunması, digər qrup insanlara kömək etmək məqsədləri, lider kimi formalaşma cəhdləri təqdirəlayiq haldır. Ona görə də düşünürəm ki, Azərbaycan gəncləri kifayət qədər aktiv olmaqla yanaşı, həm savadlı, həm də böyük intellektə malikdirlər.

- Bölgələrdə gənclərlə bağlı görülən işlər haqqında fikirləriniz?

- Bizim təşkilat 109 ali və orta ixtisas təhsil müəssisəsi tələbə gənclər təşkilatını əhatə edir. Bu təşkilatların təqribən 40 faizə yaxını regionlardadır. Mütəmadi olaraq regionlarda fəaliyyət göstərən təşkilatlardan onların fəaliyyəti, imkanları, özlərini realizə etmək üçün şəraitlərin yaradılması ilə bağlı məlumatlar alırıq. Bütün regionlara aid etməsək də, artıq əksər regionlarda bu sahə ilə bağlı canlanma tendensiyası hiss olunur. Regionlarda gənclər mərkəzləri fəaliyyət göstərir. Təhsil müəssisələrinin tələbə gənclər təşkilatları var. Regionlarda bir çox gənclər fərdi şəkildə öz layihələrini həyata keçirmək üçün Gənclər Fonduna müraciət edir və qalib olaraq qrant alırlar. Artıq böyük şəhərlərdə olan gəncləri paytaxt gəncləri ilə müqayisə edə bilərik. Son dövrlərdə yeni bir tendensiya ilə rastlaşırıq. Belə ki, paytaxt gəncləri regiona getməyə can atır. Onlar öz rayonlarında fəaliyyət göstərməyi, öz regionu üçün iş görməyi daha üstün tuturlar. Bu hal bizi sevindirir. Vaxtilə hamı özünü paytaxtda tapmağa çalışırdısa, artıq əks proses başlayıb. Buna da səbəb regionlarda gedən inkişaf, infrastruktur dəyişiklikləridir.

- Beynəlxalq miqyasda Azərbaycan gənclərin ölkəmizlə taleyüklü məsələlərin təbliği, onlarla fikir mübadilələrinin aparılması ilə bağlı nə deyə bilərsiniz?

- Dövlət proqramları çərçivəsində kifayət qədər gənclərimiz xaricdə təhsil alırlar. Onların hər biri ölkəmizin taleyüklü məsələlərinə ürəkdən yanaşırlar. Ölkədən kənarda istər anım, istərsə də bayram günləri ilə bağlı keçirilən tədbirlərə nəzər salsaq görərik ki, daha çox yük məhz gənclərin üzərinə düşür. Onlar Azərbaycanın təbliğinə çalışırlar.

- Qeyd etdiniz ki, Azərbaycan gəncləri öz intellekt və bacarığı ilə dünya gəncləri arasında seçilir. Razılaşarmısınız ki, bu gün elə gənclər var ki, onlar müxalifətin təsiri altına düşdüyündən ölkədə gedən inkişaf proseslərindən kənarda qalırlar?

- Gənclik dövrü əksər hallarda təcrübəsizlik dövrüdür. Ona görə də müəyyən zaman keçdikdən sonra keçmişdə gördüyü hərəkətləri təhlil etdikdə bir çox gənclər hərəkətlərinə görə peşman olurlar. Çox təəssüf ki, yaşlı, öz mənafeyini güdən insanlar gənclərin bu təcrübəsizliyindən istifadə edərək öz məqsədlərini həyata keçirməyə çalışırlar. Onlar şou yaratmaq üçün gəncləri özlərinə alət edirlər. Əfsuslar olsun ki, bəzi gənclər o tələyə düşürlər. Nə onların liderləri, nə də ətrafdakı insanlar həmin gənclərə verəcəkləri heç nələri yoxdur. Mən gəncləri öz enerjilərini, bacarıqlarını daha yaxşı sərf etməyə çağırıram. Ölkədə 230-dan çox gənclər təşkilatları var. Bundan başqa dövlət və özəl sektorları var ki, gənclərimiz həmin sektorlarda fəaliyyət göstərə bilərlər. Bunun üçün ölkə gənclərinə hər cür şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə