Tərtərdə bağçaların əksəriyyəti qəzalı vəziyyətdədir

Tərtərdə bağçaların əksəriyyəti qəzalı vəziyyətdədir

Bağçalarda qidalanmanın dövlət standartlarına uyğunluğu araşdırılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbər görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Tərtər rayonunda bir neçə körpələr evi və bağçalarda qidalanmanın dövlət standartına uyğunluğunu araşdırıb. Müəyyən olunub ki, yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır. Araşdırma zamanı məlum olub ki, bağçalarda hər gün uşaqlara eyni yeməkləri verilir, gündəlik qida isə makaron, sup və yumurtadır.

Bağçalarda istilik sistemi olmadığı üçün nə qədər təhlükəli olsa da, elektrik cihazlarından istifadə edilir. Müəssisə rəhbərlərinin "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması" dövlət standartı haqqında məlumatlı olduğu deyilsə də, sənədin onlarda olmadığı bildirilib. Baxış zamanı bağçaların mətbəx və anbarının istismara tamamilə yararsız vəziyyətdə olduğu, mətbəx və anbarın digər otaqlarda yerləşdiyi aşkar olub. Müəssisələrdə ərzaq məhsullarının saxlanma şəraitinə riayət olunmayıb, müxtəlif ərzaq məhsullarının bir yerdə və eyni temperatur altında saxlandığı aşkarlanıb. Həmçinin müəyyən olunub ki, mətbəxdə işlədilən qablar köhnədir. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə iradnamə verilib, nöqsanların aradan qaldırılması üçün vaxt qoyulub.

Qeyd edək ki, araşdırmalar zamanı rayonun bağçalarının əksəriyyətinin qəzalı vəziyyətdə olduğu məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə