Ərazilərdə qanunsuz ov hallarının qarşısı alınıb FOTO

Ərazilərdə qanunsuz ov hallarının qarşısı alınıb FOTO

Korçay qoruğunda mühafizəçi yeqe evlərinin tikilməsi də və eyni zamanda 24 saatlıq mühafizənin təşkili qoruq ərazisinə qanunsuz müdaxilələri demək olar ki, heçə endirib. Korçay Dövlət Təbiət qoruğunun mühafizə rəhbəri Nəsib Atayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, qoruqda yeqerlər müasir gecəgörmə cihazları, atlar və digər nəqliyyat vasitələri ilə təmin olunublar. İnsan faktorunun azalması Qırmızı Kitabda olan bir çox canlının sayının artmasına səbəb olub. Onu da bildirək ki, həmçinin Goranboy rayonu və ətraf kəndlərdə geniş ekoloji təbliğat işləri də davam etdirilir. 2008-ci ildən yaradılan qoruqda Azərbaycanın incisi sayılan ceyran, canavar, çaqqal, tülkü, vaşaq, kaftar kimi heyvanların qorunması ilə yanaşı, Qırmızı Kitaba düşmüş quş növləri, həmçinin ilanlar da mühafizə olunur. Mühafizə işlərini Samux Dövlət Ovçuluq təsərrüfatı da aparır. Rəsmi statistikaya görə, respublika ərazisində yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ov edilməsi və qanunsuz yolla əldə edilən ov məhsullarının satışı ilə bağlı 107 nəfər saxlanılıb, qanunsuz ov edən şəxslərdən ümumilikdə 80 ədəd ov tüfəngi və digər sursat müsadirə edilib.

Faktlarla bağlı aktlar və protokollar tərtib edilib. 65 nəfərə inzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada ümumilikdə 64450 manat məbləğində cərimə olunub, qanunsuz ovlanan quşlara görə, ayrı-ayrı şəxslərə 10495 manat məbləğində iddia tətbiq edilib.

İlham Məmmədov, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə